22:00 17 Sentyabr 2019 111
Ana səhifə Xəbərlər

FHN Akademiyasında məzunlar və kursantlar and içdi

“Təhsil xalqın gələcəyi, müstəqil dövlətin isə təməlidir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 14 sentyabr 2019-cu il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilib”.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Akademiyanın rəisi, general-mayor Baba Salayev Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevə şəxsi heyətin mərasimə hazır olması barədə məruzə edib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş 100 kursant təntənəli şəkildə Vətənə sədaqət andı içib.

“Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələrinə daxil olarkən, Vətənim Azərbaycana sədaqətlə xidmət edəcəyimə and içirəm”.

Akademiyanın rəisi, general-mayor Baba Salayev çıxışında bildirib ki, ötən il təntənəli şəkildə 10 illiyini qeyd edən Akademiyada artıq fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində əyani və qiyabi təhsilin, eyni zamanda həmin ixtisasların üç ixtisaslaşma üzrə magistratura səviyyəsində tədris prosesi təşkil olunub. Bu günə qədər Akademiyada bakalavr səviyyəsində 690, magistratura səviyyəsində isə 33 nəfər təhsilini başa vurub. Məzunlardan bakalavr səviyyəsində 30, magistratura səviyyəsində isə 7 nəfər təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda Akademiyanın əyani şöbəsinin bakalavr səviyyəsinə 100 nəfər, qiyabi şöbəsinə 26, magistratura səviyyəsinə isə 24 nəfər yüksək bal toplayaraq qəbul olunub: “Bu gün eyni zamanda 96 nəfər bakalavr, 15 nəfər isə magistratura səviyyəsində təhsilini müvəffəqiyyətlə başa vuraraq zabit rütbəsinə yiyələnən məzunları Fövqəladə Hallar Nazirliyinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərmək üçün yola salırıq. O cümlədən Nazirlik tərəfindən magistr təhsilini yüksək səviyyədə başa vuran 5 məzuna böyük etimad göstərilib və onlar Akademiyanın əməkdaşları sırasına qoşulub”.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev kursantları, onların valideynlərini andiçmə münasibətilə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edib. O bildirib ki, Akademiyanın professor-müəllim heyəti burada təhsil alan kursantlara 4 il ərzində bütün biliklərinin əsaslarını öyrədir: “Hər bir dövlətin, xalqın, millətin mövcud olması üçün yaxşı kadr potensialı vacibdir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün böyük işlər görülüb. Güclü zabit kadrları olmasa, heç bir millət, dövlət formalaşıb inkişaf edə bilməz”.

Kursantlar adından çıxış edən məzun, leytenant Fəxri Həsrətli FHN Akademiyasında təhsil almasından qürur hissi duyduqlarını bildirib: “Bu məsuliyyəti dərk edərək xidməti borcumuzu yerinə yetirərkən həmkarlarımızın peşəkarlıq ənənələrini davam etdirəcəyimizə, vəzifələrimizi vicdanla yerinə yetirəcəyimizə, Fövqəladə Hallar orqanları əməkdaşlarının şərəf və ləyaqətini uca tutacağımıza söz veririk”.

Sonra Akademiyanı bitirən məzunlara diplomlar və leytenant rütbəsi təqdim olunub. Ardınca Akademiyanın döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub.

Nümunəvi orkestrin və kursantların ifasında akademiyanın marşı ifa edildikdən sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçib.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının 2019-cu il məzunu leytenant Vüsal Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün çox əlamətdar gündür: “Biz 4 il ərzində FHN Akademiyasında yanğın təhlükəsizliyinin mühəndisliyi üzrə təhsil aldıq. Məzun olduğumuz Akademiyada bizim üçün yaradılan şəraitə görə Fövqəladə Hallar Nazirliyinin və Akademiyanın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bundan sonrakı xidmətimiz daha da məsuliyyət tələb edir”.

Məzun Cavid Hüseynlinin atası Elşən Hüseynov da oğlunun məzun olmasından qürur hissi keçirdiyini qeyd edib: "Çox sevinirəm ki, bu gün oğlum Fövqəladə Hallar Nazirliyi sistemində zabit kimi fəaliyyətə başlayır. Bir valideyn kimi qürurlanırıq ki, zabit ordusuna evimizdən bir zabit də biz bəxş etmişik. Azərbaycanımızın qüdrətlənməsi üçün biz də öz töhfəmizi vermiş olduq. Onun bu gün bir zabit kimi qürurla addımlaması bizi çox sevindirir”.

“Mərasim təntənəli sıra keçidi ilə yekunlaşdı. Gənc kursantların və məzunların iştirakı, iki saatdan artıq davam edən mərasim, valideynlərin xeyr duası ilə başa çatdı”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın