18:18 05 Avqust 2020 365
Ana səhifə Xəbərlər

Fazil Mustafa: “190 manat rəmzi xarakter daşıyır və bunu heç bir halda kəsmək olmaz”

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

APA TV-nin məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” və “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim olunduqdan sonra cari məsələlərin müzakirəsi başlayıb.

Qanun layihəsi ilə bağlı məsələyə münasibət bildirən deputat Erkin Qədirli büdcədə təhsil xərclərinin azaldılmasına diqqət çəkib: “2020-2021-ci tədris ili üçün ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqlarının ən azı yarıbayarı azaldılmasını təklif edirəm. Bu, daha doğrusu, seçicilərin istəkləridir”.

Deputat Fazil Mustafa qeyd edib ki, bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir. Onun sözlərinə görə, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir: “Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar, sadəcə, xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.

Deputat Aydın Mirzəzadə 190 manat ödənişin daha çox insana verilməsini təklif edib: “190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər, bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin. Bu gün məcburi böhran vəziyyətinə düşmüş sahibkarların kateqoriyasının müəyyənləşdirməsi ilə bağlı təkliflər hazırlansa, yaxşı olar. Üçüncüsü, artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. Ancaq bu gün insanlar iş yerlərini itiriblər. Təklif edirəm ki, Maliyyə və Təhsil nazirlikləri belə şəxslərə aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlasın”.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev bildirib ki, bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir.

“Koronavirus təkcə tibbi deyil, həm də iqtisadi, sosial, psixoloji fəsadlar yaradır” - deyən deputat Əli Məsimli qeyd edib ki, yeni iqtisadi paketdə 5 aylıq dövr ciddi müzakirə olunmalı və nəzərə alınmalıdır: “Sahibkarlara 98 milyon manat, mikrosahibkarlara 64 milyon manat ayrılıb. Əksər sahibkarlıq subyekti bu gün ya çöküb, ya da ağır vəziyyətdədir. Onlara ayrılan vəsait çox azdır. Yeni iqtisadi paket hazırlananda 5 aylıq dövr ciddi müzakirə olunmalı və nəzərə alınmalıdır. Yeni paketə yen tədbirlər kompleksi daxil edilməlidir. Qısa müddət ərzində sahibkarlara dəstək olmasa, 1 milyard manat da yadım verməklə sahibkarları düşdüyü vəziyyətdən çıxarmaq mümkün olmayacaq”.

MM-in komitə sədri Siyavuş Novruzov qeyd edib ki, Milli Şura insanların taleyini düşünmür: “Bu gün Milli Şura bildirir ki, karantin rejimin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.

Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: “Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

Müzakirələrdən sonra parlament büdcəyə dəyişikliklər layihəsini 1-ci oxunuşda qəbul edib.

SEVİNC VAQİFQIZI

FAİQ HƏSƏNOV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın