12:59 08 Avqust 2020 2556
Ana səhifə Xəbərlər

Evlərini uşaq bağçasına çevirən şəxslər cərimələndi

Evlərini uşaq bağçasına çevirən ər-arvad saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib. Həmin ünvana gedən Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları qeyd edilən ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdikləri məlum olub.

Ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildə olan azyaşlıları hamam otağında gizlədərək məsuliyyətdən yayınmağa da çalışıblar. Lakin sübutları görən ev sahibləri etdikləri qanun pozuntusunu etiraf ediblər. Mənzilə baxış zamanı 7 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.

Polis Bölməsinə aparılan bağça sahibləri barəsində protokol tərtib edilib və hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə ediliblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın