10:39 08 Aprel 2021 137
Ana səhifə Xəbərlər

Evlənməyə hazırlaşırdı, Vətən Müharibəsində şəhid oldu - REPORTAJ

Vətən Müharibəsində Qusarın Cibir kəndi dörd şəhid verib. Qəhrəman kəndin şəhid övladlarından biri də Murad Məmmədziyad oğlu Kəlbiyevdir.

APA TV xəbər verir ki, 1996-cı ildə Qusar rayonunun Cibir kəndindən olan Murad Kəlbiyev üç abcının bir qardaşı idi.

Evin sonbeşiyi olan qəhrəman Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb:

Anası Rübabə Kəlbiyeva deyir ki, hərbçi olmaq oğlunun arzusu olub: “Murad üç bacının tək qardaşı idi. Hamının hörmətini qazanmağı bacarmışdı. Hərbçi olmağı arzulayırdı. Hələ əsgərliyindən sonra hərbidə qalıb işləmək istəyirdi. Dedim, bala, evin tək oğlusan, sənə burada da ehtiyacımız var. Xidmətini başa vurub gəldi. Amma sonra yenə də öz arzusunun dalınca getdi. Vətəni anadan, atadan üstün tutdu”.

Murad 2020-ci ilin sentyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən orduya qayıdıb: “Çox sevinirdi. Müharibə başlayandan hər gün səhər-axşam zəng edirdi. Bizə deyirdi ki, guya Bakıdadır. Kənddən olan döyüş yoldaşlarına da ciddi tapşırmışdı ki, cəbhədə olduğunu bizə deməsinlər. Oktyabrın 8-də şəhid olması xəbərini aldıq. Döyüş yoldaşları onun qəhrəmanlıqla döyüşdüyünü bildirdilər. Təbii ki, ürəyim çox ağrıyır. Bir oğlum vardı, o da şəhid oldu. Amma fəxr edirəm ki, mənim balam Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Vətən sağ olsun!”

Murad Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Atası Məmmədziyad Kəlbiyev Muradın oktyabrın 6-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığını bildirir: “Əsgərlik müddətində də Füzulidə olmuşdu. Hərbi xidmətdən sonra bir müddət Rusiyada, Türkiyədə işlədi. Amma ən böyük istəyi hərbçi olmaq idi. Elə müharibədən bir ay əvvəl işə düzəlmişdi. Sentyabrın 27-də döyüş bölgəsinə yollandı. Mən döyüşlərdə olduğunu bilirdim. Amma anasına deməmişdik. Axırıncı dəfə oğlumla oktyabrın 5-də danışdıq. Həmin gün gecə Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Fəxr edirəm ki, oğlumun zəhməti hədər getmədi. Torpaqlarımız düşməndən azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Murad işə düzəldikdən sonra evlənmək barədə düşünürdü. Artıq bacıları Alisaya və Güləndama sevdiyi qız barədə məlumat da vermişdi: “Qardaşım evin ən balacası idi. Balaca olsa da, evin təəssübünü çəkən, ailəsini qoruyan övlad idi. Vətəni üçün ürəyi yanırdı. Həmişə deyirdi ki, torpaqlarımız düşmənin əlindədir. Ona görə də hərbçi peşəsinə, hərbi formaya meyilli idi. Bir bacı kimi qardaş itkisi mənim üçün ağıdır. Qardaşımla fəxr edirəm. Torpaqlarımızın azad olunması ilə təsəlli tapırıq. Qardaşımın qanı yerdə qalmadı. Qardaşım çox yerləri gəzib dolaşdı. Amma axırda yenə öz Vətəninə döndü, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucaldı. Sevdiyi vardı. Deyirdi, bacı, qarşıdakı yayda evlənib sizi sevindirəcəyəm. Sevdiyi qızla da danışmışdıq. Amma müharibə başladı. Ayın 5-dək danışdıq. Sonra zəng etmədi. Hər gün anamdan soruşurdum. O isə xəbər olmadığını söyləyirdi. Anam ağlayırdı, atam nigaran idi. Torpaqlarımız 30 ilə yaxın işğalda idi. Qardaşım, düzdür, hərbidə qısa müddət oldu. Amma gedişi ilə Vətənimiz azadlığa çıxdı. Bu şanlı qələbədə onun da payı var”.

Şəhid Murad Kəlbiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın