03:20 11 Noyabr 2019 62
Ana səhifə Xəbərlər

Ət yeməyənlərin ideologiyası: Veqanlıq - REPORTAJ

1944-cü ildə ingiltərəli ziyalı Donald Uatson tərəfindən yeni bir cərəyanın əsası qoyulur. Öz mövqeyini açıq şəkildə bəyan edən Uatson ilk dəfə vegeterian kəlməsindən istifadə etsə də, yaratdığı “The Vegan Society” cəmiyyəti 1979-cu ildə ziyalının yolunu veqanizmdən salır...

Ulu babalarımızın “Kabab qanlı, igid canlı” kəlamı ilə heç vaxt düz gəlməyən veqanlıq təkcə kabab yox, həm də bütün ət mənşəli qidalardan imtina mənasına gəlir. Bəzi tanınmış alim, müğənni və filosofların belə maraq saldığı bu görüş ölkəmizdə də yetərincə yayğındır. Lakin Albert Eynşteyn kimi alimlə sadə adamların ətyeməzlik səbəbi həmişə eyni olmur.

Bəli, yeyib-içən olmaq yaxşıdır. Ancaq qidalanma zamanı ət doğrudanmı zəruri sayılmalıdır? Əsasən üç qola ayrılmış ətyeməzlik cərəyanı sualımızın qarşısına müxtəlif növ tərəvəz, dəniz məhsulları və bir kasa bal ilə çıxır. Ətyeməzliyin ən kəskin mövqelisi isə veqanlıqdır. Vegeterianlığın başı bal, yoxsa balıq seçiminə qarışdığı bir vaxtda veqanlıq bir qrup tərəvəzdən başqa bütün qidalara boykot elan edir, heyvanatla bağlı istənilən məhsuldan uzaqlaşır.

Bəs görəsən, bu tip uzaqlaşmanın insan sağlamlığında buraxdığı izlər faydalı, ya zərərlidir?

Həkim-fitoterapevt Elnur Eldaroğlu hesab edir ki, veqanlığı bir ömür həyat tərzinə çevirmək sırf tövsiyə olunan iş deyil. Müsbət tərəfləri odur ki, xolesterolu aşağı salır, pis yağ turşuları, ürək-damar xəstəlikləri riski aşağı düşür. Və yaxud da qanın dövretməsi daha yaxşı ola bilir. Digər tərəfdən isə, məsələn, qeyri-normal şəkildə qidalananlarda, məsələn, sırf veqanların özlərində biz dəfələrlə görmüşük ki, saç tökülməsi, dırnaq qırılması, xroniki yorğunluq qeyd olunur və biz bunlara məcbur kənardan vitamin verməli oluruq”.

Müəyyən şərtlər altında ətdən uzaqlaşmağın mümkün olduğunu bildirən həkimin fikrincə, vegeterian olmaq qismən anlaşılandır: “Sırf veqanlıq uyğun olmayan qida vərdişidir. Qeyd elədiyim kimi, paralel aparmaq daha doğrudur. Normal şərtlər daxilində olacaq qidalanmalarda da yanlışlarımız var bizim onsuz da. Bunlar məsələn, bəzi kifayət qədər ürək-damar xəstələrinə, yaxud şəkər xəstələrinə müəyyən qədər ətli qidalara da pəhriz qoyuruq. Amma balığa pəhriz qoymuruq. Və yaxud yumurtaya pəhriz qoymadığımız xəstəliklər var. Və yaxud da elə profilaktik olaraq da tövsiyə edirik. Amma veqanlıqla bir ömür davam etmək müəyyən mineral və vitaminlərimizin defisit olduğuna görə də müəyyən kliniki proseslər yarada bilir”.

Lakin heç demə, veqanlıq təkcə bioloji əsaslara dayanmırmış. Məsələnin ruhi-mənəvi tərəflərini açıqlayan yoqaçı Toğrul Həsənov vegeterianlığın insanın təkamül mexanizminə daha uyğun olduğunu düşünür: “Çünki bu kainat bir vəhdət olduğuna görə və necə ki, bizim ruhani tərəfimizə ət yemək uyğun qida deyilsə, avtomatik bioloji bədənimiz də bunu dəstəkləyir və bu da ət yemədən yaşamağa tam uyğun bədəndir. Biz biologiyadan bilirik ki, insan “Homo Sapiens” olaraq bir primat növüdür və bizdən təkamül ağacında yaxın olan primatlar da ət yemirlər, qidalanmırlar, daha çox vegeteriandırlar, yəni bitki ilə qidalanırlar. Maksimum böcək yeyə bilərlər”.

Müsahibimiz ət mənşəli qidaların genetik özəlliklərindən dolayı insanlarda aqressiya yaratdığına da diqqətə çəkir: “Veqanlıq isə bir az aşırı dərəcəyə gedir və hər şeyin aşırısında bir az zərər olur, sırf ideologiya halına gəlir. Mən öz vücuduma, özümə ziyan olan bir şeyi yemirəmsə, bunun ideologiya olmasına ehtiyac yoxdur. Amma insanlar çox şeyləri yersiz bir şəkildə ideologiyaya çevirirlər. Yəni tutaq ki, ətdən imtina edirəm, bunun ideologiyasını yaradıram. Sabah pomidor yeməyəcəyəm, Pomidor Yeməyənlər Cəmiyyəti yaradacağam. Yəni bu, bir az mənasız bir şeydir”.

Bəs əhalisinin 96 faizi müsəlman olan və hər il Qurban bayramını təntənə ilə qeyd edən Azərbaycanda veqanlığa münasibət necə olmalıdır?

Məsələyə ilahiyyatçı alim Abbas Qurbanovun da münasibəti öyrəndik: “İslam dini nemətləri iki yerə ayırır: Halal nemətlər və haram nemətlər. İnsanlara haramlardan imtina etmək, halal nemətlərlə isə qidalanmaq əmr edilib. Yəni bir insanın öz-özlüyündə halal olan bir neməti özünə qadağan etməsi və ondan uzaqlaşmasına, onunla qidalanmamasına da İslam dini qətiyyətlə icazə verməməkdədir”.

Hərçənd İslam dini ətdən sırf sağlamlığı üzündən imtina edənlər üçün də güzəştlər qoyub: “Sadəcə, əgər bir qida insanın sağlığına mənfi təsir edirsə və bu da yenə də həkimin tövsiyəsi üzərinə o insan bu qidalardan uzaqlaşa bilər. Yerdə qaldığı təqdirdə, halal olan hər bir qidadan insanın qidalanması lazımdır”.

Belə görünür ki, İslam dininin haram buyurduğu, yoqaçılığın isə ümumiyyətlə, qayəsiz saydığı veqanlıq öz qadağa və icazələrini şəxsən müəyyənləşdirən bir ideologiya halını alıb. Əlbəttə, insan azad varlıqdır və nəyi yeyib-yeməyəcəyinə də özü qərar verməlidir. Ancaq veqanların yemək çeşidi, siz deyən, elə də bol deyil axı...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın