16:47 27 Oktyabr 2020 137
Ana səhifə Xəbərlər

Ermənistan Tərtərin Düyərli və Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu gecə Tərtərin Düyərli kəndini raket atəşinə tutub.

Belə ki, “SMERÇ” tipli sistemdən atılan raket kənd sakini Əvəz Həsənovun həyətinə düşüb, mənzil dağılaraq tamamilə yararsız hala düşüb:

Ev sahibinin qohumu Zülfü Nəbiyev düşmənin axşam saatlarından kədi atəşə tutduğunu deyir: “Axşam intensiv atışma zamanı ermənilər iriçaplı silahlardan Tərtərin şəhər və kəndlərini atəşə tutub. Atəş nəticəsində iriçaplı raketdən zərbə almış evin, demək olar ki, yararlı hissəsi qalmayıb”.

Düşmən tərəfindən atılan digər raket Qurbanovlar ailəsinin həyətinə düşüb: “Bura gəlib düşüb. Xoşbəxtlikdən partlamayıb, göz qabağındadır. Allah bunların bəlasını versin inşallah”.

Ermənistan silahlı qüvvələri tərəfindən atılan daha bir raket isə Tərtərin Ələsgərli kəndi ərazisinə düşüb. Xoşbəxtlikdən raket partlamayıb.

Kənd sakini Namiq Məmmədov düşmən təxribatı nəticəsində bir neçə evə ziyan dəydiyini deyir: “Kənd ərazisində evlərdə dağıntılar var. Mənfur düşmənlərimiz kənd ərazisində bir neçə evi zədələyib. Amma buna baxmayaraq, biz kəndimizdəyik, biz Ordumuza güvənirik. Biz Ali Baş Komandanımızı dəstəkləyirik və həmişə də ordmuzun arxasındayıq”.

Ermənistan silahlı qüvvələri tərəfindən rayon mərkəzinə də ağır artilleriya və top mərmiləri ilə yanaşı, bir neçə raket atılıb. Düşmən təxribatı zamanı evlərə, o cümlədən “Azərxalça” ASC-nin Tərtər filialının inzibati binasına külli miqdarda ziyan dəyib.

Ermənistan Silahlı Qüvvələri Tərtər istiqamətində gün boyu humanitar atəşkəsi pozmağa davam edib.

Habil Aslanoğlu,

Ziya Quliyev,

Mir Çingiz Ağazadə

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın