10:54 10 Aprel 2021 119
Ana səhifə Xəbərlər

Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana niyə vermir? – SORĞU

“Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiqlər olunmalıdır”. APA TV-nin məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim olunmaması beynəlxalq konvensiyaları heçə saymaqdır: “Bu xəritələr verilmədikcə, ərazidəki təmir-bərpa işlərinin müddəti daha da uzanır. Biz planlaşdırırıq ki, orada tez bir zamanda müəyyən layihələri həyata keçirək. Amma bu xəritələr bizdə olmadığına görə minaların aşkarlanması və bu istiqamətdə işlərin sürətlə aparılması zaman alır. Biz bunu faktiki olaraq həyata keçirə bilmirik. Ona görə də biz hesab edirik ki, bununla bağlı beynəlxalq ictimaiyyət tərəfindən Emənistana ciddi təzyiqlər olunmalıdır”.

Ceyhun Məmmədov deyib ki, rəsmi İrəvanın 10 noyabr bəyannaməsindən indiyə kimi xəritələri özündə saxlaması Ermənistanın məkrli siyasətindən və çirkin niyyətindən xəbər verir: “Bu gün ayrı-ayrı beynəlxalq təşkilatlar 63 terrorçunun Ermənistana qaytarılması ilə bağlı Azərbaycana qarşı bəyanatlar səsləndirir. Amma Ermənistanın törətdiyi vəhşiliklərlə, eləcə də minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı həmin qurumların hansısa ciddi bir mövqeyinə rast gəlmirik. Burada bir çox məsələlərdə olduğu kimi, ikili standartların, qərəzli yanaşmanın şahidi oluruq. Ermənilər bu istiqamətdə müəyyən yanaşmalar sərgiləyirlər ki, guya xəritələr onlarda deyil və ya belə bir xəritə, ümumiyyətlə, yoxdur. Bu mümkün deyil. Çünki ermənilər özləri də həmin ərazilərdən istifadə ediblər, gediblər-gəliblər. Bu xəritələr onlarda var. Sadəcə, Ermənistan bu xəritələri Azərbaycana vermək üçün özündə bir güc tapmalıdır və düşmənçiliyə, Azərbaycan xalqına qarşı kin-küdurətə son qoymalıdır”.

AĞ Partiya başqanı Tural Abbası isə qeyd edib ki, Ermənistan tərəfinin sözügedən xəritələri Azərbaycana təqdim etməməsi rəsmi İrəvanın 3 tərəfli bəyanata səmimi olmamasının bariz göstəricisidir: “Xəritələrin Azərbaycana verilməməsi ilk növbədə ermənilərin insanpərvər olmadıqlarından, özlərini dünyaya təqdim etdikləri kimi humanist olmamalarından xəbər verir. Bu münaqişədə hətta atəşkəs əldə olunandan sonra belə, xəritələrin verilməməsi ermənilərin üçtərəfli bəyanata səmimi olmamasının göstəricisidir. Əgər sən Azərbaycanla münasibətdə sakit, normal, dünyaya car çəkdiyin kimi, sivil qonşuluq münasibətlərində yaşamaq istəyirsənsə, niyə xəritələri verməyəsən. Bunların hamısı bəhanələrdir. Ay komandirlər dəyişib, ay rəhbər heyət dəyişib, xəritələri itirmişik kimi deyimlər qeyri-ciddi səslənir”.

Partiya rəhbəri bildirir ki, beynəlxalq təşkilatlar digər məsələlərdə olduğu kimi, xəritələrin verilməsi istiqamətində Azərbaycana qarşı ikili standartlar siyasətini tətbiq edir: “Bu günə qədər ABŞ-ın Azərbaycana tətbiq etdiyi “907-ci düzəliş” var. Hansı ki, Birinci Qarabağ müharibəsində ermənilərin apardığı yalan təbliğat vasitəsilə guya “Azərbaycan Ermənistanı blokadaya alıb” kimi təsəvvür yaratdılar və bizə olunacaq humanitar və hərbi yardımların qarşısını alan “907-ci düzəliş”in tətbiq olunmasına nail oldular. Ancaq bütün dünyanın gözü qarşısında, ən primitiv bir şeyə - xəritələrin Azərbaycana verilməməsinə beynəlxalq aləm göz yumur. Niyə? Çünki biz artıq bilməliyik ki, dünya ədalətli dünya deyil, beynəlxalq hüquq deyilən bir şey artıq mifdir. Hazırda beynəlxalq hüquq ancaq güclülərin xeyrinə işləyir. Biz bunu 30 il əvvəl Qarabağ müharibəsində də gördük və indinin özündə də görməkdəyik”.

Məlumat üçün bildirək ki, “Humanitar minatəmizləmə” konsepsiyasına və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq müharibə bitdikdən sonra minatəmizləmə prosesinin həyata keçirilməsi üçün müharibə edən tərəflər minalı ərazilərin xəritələrini qarşı tərəfə təqdim etməlidirlər.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın