20:54 30 Oktyabr 2020 528
Ana səhifə Xəbərlər

Ermənilərin Bərdədə törətdiyi terror şahidlərin gözü ilə...

24 yaşlı Bərdə sakini Adil Şirinov oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə ikinci dəfə raket hücumunun şahidlərindəndir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən tərəfindən atılan raketlərdən biri onun iş yerinin qarşısına düşüb. Nəticədə, iki iş yoldaşı xəsarət alıb, şəxsi maşınına isə ciddi ziyan dəyib: “Hadisə təxminən 13:32 radələrində baş verdi. Həmin vaxt mən bankın içərisində idim. Digər iki əməkdaşımız isə bankın çölündə idi. Səs eşitdik və çölə çıxdıq. Bankın şüşələri, digər obyektlərin şüşələri yararsız hala düşmüşdü. Çöldə olan əməkdaşımızı yaralı vəziyyətdə yerdə gördük, qan axırdı. Niftalı və Əfsun iki əməkdaşımız idi. Niftalı başından qəlpə yarası almışdı və çox qan itirmişdi. Digəri isə bədənin müəyyən hissələrindən qəlpə yarası – qılçasından, qol nahiyəsindən yaralar almışdı. Biz onları götürdük, tez şəxsi maşınlarımızla dərhal xəstəxanaya çatdırdıq”.

Raket mərmisinin qəlpəsinə tuş gələnlərdən biri də İlham Əhmədovdur. Keçmiş döyüşçü qolundan mərmi yarası alsa da günahsız, dinc əhalinin ölümünün onu daha çox incitdiyini deyir: “Onlar bizim ordunun qarşısından qaçırlar deyə bizə atırlar. Orada dəhşətli mənzərələr var idi. Bir köhnə döyüşçü kimi, bir insan kimi mənim qəlbimi ağrıdır. Onların qarşısına çıxan orduya cavab verə bilmir, bizim dinc əhaliyə atır. Axı dinc əhalimiz öz işi ilə, gücü ilə məşğuldur. Bərdə də döyüş bilirsiniz də siz də, döyüş məsafəsindən 55-60 km aralıdadır. Yəni onların gücü buna çatır”.

Bütün olanlara baxmayaraq, o, hamı kimi Ali Baş Komandana və Ordumuzun gücünə güvənir və erməni vandallarından törətdikləri cinayətlərin qisasının döyüş bölgəsində alındığını deyir.

Qeyd edək ki, Bərdəyə edilən ikinci raket hücumu nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın