20:00 08 Oktyabr 2019 39
Ana səhifə Xəbərlər

Əli Əsədov: “Söz verirəm ki...”

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verib.

APA TV-nin məlumatına görə, Milli Məclisin iclasında “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub: “Əminəm ki, Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”.

Daha sonra müzakirələr başlayıb. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesinə Əli Əsədov uğurla başçılıq edib: “İnanıram ki, bu təyinatdan sonra hökumətdə, Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək. Bütün islahatların rəhbəri Prezident İlham Əliyevdir, bu islahatların icra edilməsi hökumətin üzərinə düşür. İnanırıq ki, hökumətin rəhbəri kimi Əli Əsədov bu işlərin öhdəsindən uğurla gələcək”.

Deputat Vahid Əhmədov deyib ki, Əli Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır: “Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışmaqdır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu yetərli deyil. Mən Baş nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. İkincisi, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir”.

Səsvermə nəticəsində Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. O, çıxışında deyib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəlib. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Əli Əsədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın