21:20 25 May 2018 2587
Ana səhifə Xəbərlər

Əfv sərəncamı icra olundu - SEVİNCLİ ANLAR

Prezidentİlham Əliyev 64-cü əfv sərəncamını imzalayaraq, 634 nəfər məhkumu əfv edib.

APA TV-nin məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə imzalanan əfv sərəncamının bu gün icrası həyata keçirilib.

"Dünən prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Hazırda biz Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsindəyik. Buradan 41 nəfər şəxs əfv olunub".

Məhbusların azadlığa buraxılması mərasimində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat rejimi idarəsinin rəisi Mirsaleh Seyidov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər əfv komissiyasının üzvləri iştirak edib.

Mirsaleh Seyidov əfv olunanları təbrik edərək bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanan ən böyük həcmdə olan sərəncamdır.

Daha sonra əfv olunan şəxslərə azad olunmaları barədə buraxılış vərəqələri təqdim edilib: "3 il müddətinə azadlıqdan məhrum edilmişdim. İki il 6 ay cəzamı çəkdim. Prezidentimizə təşəkkür edirəm. Özüm Qarabağ veteranıyam. Böyük bayram günündə bizi ailəmizə qovuşdurdu".

"Adam vurduğuma görə yatırdım. 5 ildir içəridəyəm. Prezidentə təşəkkür edirəm, ailəmizə qovuşdurdu. Bütün məhkumlara qismət olsun. Normal yaşayacağam, belə bir cinayət mümkün deyil ki, bir də ola. Hamıya məsləhətim budur, heç kəs cinayət etməsin. Bura elə yerdir ki, bir dəfə düşmüşəm, bir də düşmək istəmərəm".

Azadlığa çıxan məhkumların ailə üzviləri, yaxınları, isə onları sevinc göz yaşları ilə qarşılayıb: "Sevincimdən heç yerə sığışa bilmirəm. Anadan olandan bu qədər sevinməmişdim. 5 ildir bu yolları gəlib gedirik. Allah Prezidentimizə də, xanımına da kömək olsun".

"Növbəti əfv sərəncamının icra olunduğu müəssisə 12 saylı Cəzaçəkmə Müəssisidir ki, burada biri əcnəbi vətəndaş olmaqla, 3 nəfər azadlığa buraxılacaq".

"Ağcəbədi rayonundanam, 2015-ci ildə ailə qurmaq məqsədi ilə qız qaçırmağa görə tutulmuşdum. 10 il 6 ay iş almışdım. 10 il də qardaşım almışdı. Onun 5 ilini məhbusluq həyatı yaşamışıq. Prezidentimizə əfvlə bağlı müraciət etdik. Sağ olsun prezidentimiz, bizi əfv etdi. İndi isə biz azadlığa qovuşuruq".

"Qardaşıma ailə qurmaq məqsədi ilə qız qaçırmışdıq. Cinayətin ağırlığını dərk etmirdik, gənc idik. Bizim ailəmizin müraciətini nəzərə alaraq, bizi də əfv etdilər. Heç kəsə məsləhət görmürəm. Ən gözəli dəbə-baba adətimizdir. Baxmayaraq ki, bizdə adət budur. Amma heç yaxşı adət deyil".

"İstəyirəm ki, hər kəs 28 mayda mənim indi keçirdiyim hisləri keçirsin. Nə yaxşı ki, bu xalqın məhkumları əfv edən, ömrünün yarısını həbsxanada keçirən bədbəxt insanları sevindirəcək qədər səxavətli prezidenti var. İçəridə vaxt da gec gedir, burada hər şey başqadır. Buradan həkimlərə də təşəkkür edirəm. Onlar mənə kömək etdi".

"Sonuncu baş çəkdiyimiz 14 saylı Cəzaçəkmə Müəssisində isə 25 nəfər əfv olunub".

"Mən Banqladeş Xalq Respublikasındanam. Cinayət məcəlləsinin 318.2 maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişəm. Səhv etmişdim, sərhədi pozmuşdum. 2 il 2 ay məhkumluq həyatı yaşamışam. Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan dilini burda öyrənmişəm. Qalmağa icazə verilsə, qalacam Azərbaycanda".

"Bütün məhkumların Allah qapısını açsın. Mən 4 il 6 ay həbsdə oldum. Maddəm bir nəfərin ölümü ilə nəticələnən avtoqəza idi. 9 ay qalırdı. Azadlığa çıxdım".

"Oğlum hərbidə olanda səhvi ucbatından 3 il 3 ay həbs almışdı. 2 il 3 ayını çəkmişdi, bir ilini də prezident əfv etdi. Buna görə prezidentimizə təşəkkür edirik".

Əfv olunanlardan 33 nəfəri Şəki Penitensiar Müəssisəsindən azad edilib. Azad olunanlar arasında bir nəfər Gürcüstan, daha bir nəfər isə Rusiya vətəndaşı var.

Qeyd edək ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın