13:20 11 Sentyabr 2019 60
Ana səhifə Xəbərlər

Dönər necə “zəhərə” dönür? - ARAŞDIRMA

Bakının müxtəlif yerlərində “2 manata dönər + ayran”, “1 manata dönər” kimi yazılan dönərxanaların sayı artıb. Vaxt və maddi baxımdan sərfəli olduğu üçün bu dönərləri heç düşünmədən alırıq. Yəni “ucuza qaçan” müştərilərin də sayı elə sözü gedən dönərxanalar kimi çoxalır. Səbəblər müxtəlif ola bilər - “cib məsələsi”, xəsislik və s. Amma gəlin bir anlıq düşünək... Bu isti aylarda ucuz dönərlər hansı təhlükəni daşıyır? Dönər alarkən nəyə diqqət etməliyik?

Müxtəlif ərazilərdə dönərxanalarda çəkiliş aparmağa çalışsaq da, sahibkarın burda olmadığı, dönərin artıq satılmadığı kimi cürbəcür bəhanələr gətirilərək işimizə maneçilik törədildi.

Şəhər sakinləri arasında apardığımız sorğudan isə belə anlaşıldı ki, dönər yeyənlər daha çox gənclədir. Yaşlı nəslin nümayəndələri isə...

“Qazda həm də pis şəraitdə bişmiş şeydən istifadə etməyə dəyərmi. Heç yeməmişəm, uşaqlara da tövsiyə edirəm ki almasınlar”.


“Dönərdən xoşum gəlmir, həm kökəldir adamı, həm də ki, bilmirsən nədən hazırlayırlar, ona görə də yemirəm. Evə də qətiyyən almıram”.

Gənclər isə etiraf edir ki, dönər alarkən heç nəyə diqqət etmirlər: “Bəli dönər yeyirəm, amma bir manatlıq dönərlərdən istifadə eləmirik. Bəzi insanlarda, zəhərlənmə olduğunu görmüşük”.


“Dönəri metronun çıxışından alıram. Deyirik yağlı eləsinlər, mayonezi bol olsun, yayda da alıram. Dönərə ən çox iki manat pul vermişəm, ondan artığın sadəcə üstündə ayran olanda veririk”.

Bəs zəhərlənmə hallarının qarşısını almaq və minimuma endirmək üçün hansı işlər görülür?

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional Bölməsinin rəis müavini Elməddin Quliyev deyir ki, Bakının bütün rayonlarında yerləşən dönər satışı ilə məşğul olan subyektlərdə mütəmadi monitorinqlər aparılır: “Dönər satışı müəssisələrinə verilən ətlərin keyfiyyətli kəsimi üçün iyun ayının 21-dən agentlik reydlərə start verib. Bu sahədə biz yerli icra orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Onlara son xəbərdarlıqlar edilib ki, qanunsuz küçə kəsimlərini dayandırsınlar”.

E. Quliyev işbazların mənşəyi bəlli olmayan, təsərrüfatlarda tələf olmuş heyvanları daha aşağı qiymətə restoranlara və dönərxanalara təklif etdiyini deyir: “Bunların da kəsimi agentliyin nəzarətindən kənarda qalan kəsim yerlərində həyata keçirilir”.

AQTA rəsmisi istehlakçıları sanitar-gigiyenik şəraiti normalara uyğun olmayan, yol kənarında, tozun-torpağın qarşısında, gigiyenik normalara cavab verməyən yerlərdən dönər və ya digər yeyinti məhsulu almaqdan çəkinməyə çağırıb: “Həmin məhsulları istehlakçılar almasalar, onlar da orda fəaliyyət göstərməyəcəklər. Dönər satışı ilə məşğul olan subyektlər AQTA-dan qeydiyyatdan keçməlidir. İcazə kağızı olandan sonra həmin subyektlər qanuni fəaliyyətlərini davam edə bilərlər”.

E. Quliyev deyir ki, AQTA qeydiyyatı olmayan sahibkarlıq subyektlərinin fəaliyyəti qanunla qadağandır. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən subyektlər inzibati məsuliyyət daşıyır ki, bunun üçün 4 min manatdan 5 min manata qədər inzibati cərimə nəzərdə tutulub.

Direktor müavinin sözlərinə görə, hər bir istehlakçı dönər satılan məntəqələrdə ətin mənşəyi və yaxud baytarlıq müayinəsindən keçməsi haqqında arayışı tələb edə bilər: “İstehlakçılara səslənirəm ki, haradasa qanunsuz küçə kəsimi, qeydiyyatdan keçməmiş qida məhsulları sahəsində subyekt aşkar edən 1003 xəttinə bu barədə məlumat versinlər”.

Qida mühəndisi İsa Əliyevin fikrincə ümumiyyətlə yay aylarında bütün növ qidalarda - xüsusi ilə ət və ət məhsullarında bakteriyaların və sporların sayının artması müşahidə olunur. Buna riayət olunmadığından zəhərlənmələr baş verir: “Ət və ət məhsullarında iki cür bakteriya zəhərlənməyə səbəb olur. Bunlardan biri stafilokokkus aureus, digəri isə salmonella bakteriyalarıdır”.

İ. Əliyev zəhərlənmənin istehlakçıda özünü 10-12 saat sonra büruzə verdiyini deyir: “Müştəri onu alıb yedikdə ürək bulantısı, temperatur, baş ağrısı kimi əlamətlər meydana gəlir. Həmin şəxs bu halda mütləq şəkildə həkimə müraciət etməlidir”.

Qida mühəndisi ətin yanması halının ümumiyyətlə insan orqanizmi üçün yaxşı hal olmadığını vurğulayır. Yanmış qidalardan, çox qızarmış qidalardan uzaq durmaq məsləhətli olduğunu bildirən ekspert deyir ki, ətin közdə və ya qazda bişməsi önəmli deyil, əsas odur ki, tam bişsin: “Bəzi hallarda, xüsusən dönərxanalarda bu gün bişmiş məhsul qurtarmayanda onu sabaha saxlayırlar. Bu qətiyyən doğru deyil”.

Ekspert deyir ki, istehlakçılar dönərxanalardan dönər və ya ət məhsulu alacaqlarsa, birinci növbədə orda sanitar qaydalara riayət olunub-olunmamasına fikir versinlər: “Güvənmədikləri yerdirsə tövsiyə eləmirəm”.

Bəs ən yaxşı dönər necə hazırlanır?

Dönərçi Mətləb deyir ki, yaxşı dönərin əti keyfiyyətli olmalıdır: “Tərkibi mal ətindən olmalıdır. Burda quyruq da önəmlidir. İran quyruğu və quzu quyruğu vurulan yerlər də var. Dönəri balaca-balaca kəsmək dönərin içini artırmaq üçündür, müştərini aldadır”.

Alıcını ən çox narahat edən məqam bu gündən sabaha qalan dönərin satışıdır. Usta bunu seçməyin yolunu da deyir: “Təzə dönər yağlı, qalma dönər isə qupquru olur”.

Baş usta Coşqun İbrahimovun fikrincə isə zəhərlənmə keyfiyyətsiz ətdən ola bilər, təzə ətdən zəhərlənmə mümkün deyil: “Zəhərlənmə ən çox toyuq ətindən olar ki, gərək onun da keyfiyyəti aşağı olsun. Dönər alarkən qoxusuna, salatına, diqqət etmək lazımdır, əgər görsələr ki, içində pomidor, xiyar bişib, əzilmiş formadadır onu yeməsinlər”.

Ümumiyyətlə həmsöhbət olduğumuz dönər ustaları və satıcıların dediyinə görə, yay gələndən dönər alanların sayı azalıb.

Görünür sağlamlığımızı qorumaq və dönərimizin “zəhərə” dönməməsi həm də istehlakçıdan asılıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın