13:46 23 Yanvar 2021 134
Ana səhifə Xəbərlər

DİN-dən anti-narkotik əməliyyatı: keçmiş məhkumlar tutuldu

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bülbülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın