16:40 18 Yanvar 2020 273
Ana səhifə Xəbərlər

Dəvə ilə dünya səyahətinə başlayan iranlı turist Gəncəyə çatıb

Doqquz ay öncə səyahətə başlayan iranlı turist bu gün Gəncəyə çatıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri Rudan uzun yolu az sayda qorunub saxlanılan nadir dəvələri ilə qət edib.

Hətta dəvələrinə tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də hazırlayıb. O, dəvə və iti ilə dünyanı gəzmək fikrindədir: “Səyahət məqsədlərimdən biri də gəzdiyim ölkələrdə dəvələri təbliğ etməkdir. Çünki yaşadığım şəhərin tarixi qədim olsa da, dəvələrin sayı çox azdır. İnsanların əksəriyyəti dəvə saxlamır. Amma bu heyvanlar çox faydalıdır”.

Ötən ilin may ayının əvvəlindən səyahətə başlayan Məhəmməd Əmiri Rudan bir neçə gündür ölkəmizdədir. Gəncənin tarixi ilə bağlı çox məlumat eşitdiyini deyən iranlı qonaq əvvəlcə dahi şair Nizami Gəncəvinin məqbərəsini, daha sonra şəhərin bir çox yerlərini gəzəcəyini bildirir: “Avropanı gəzib qayıdarkən yenə də buradan, Azərbaycandan keçib getmək istəyirəm. Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz və qonaqpərvərdir”.

Getdiyi yerlərdə çadırda gecələyən Məhəmməd Əmiri Rudan Gəncədən sonra Şəmkir, Tovuz və Qazax rayonlarına səyahət edəcək. Daha sonra o, Avropa, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini gəzmək fikrindədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın