19:30 30 Sentyabr 2020 463
Ana səhifə Xəbərlər

Deputatlar: “Paşinyan növbəti dəfə Əliyev qarşısında acizliyini ortaya qoydu”

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri kimi yüz minlərlə məcburi köçkünün timsalında deyirəm ki, biz şanlı ordumuzun işğalçı Ermənistana qarşı keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik”.

APA TV-nin xəbərinə görə, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri, deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, tezliklə bayrağımızı Xankəndi və Şuşaya sancacağımıza əmindir: “Biz torpaqlarımıza dönmək istəyirik. Fikrimcə, dünya ictimaiyyəti və bütün beynəlxalq təşkilatlar çox gözəl yaxşı başa düşür ki, Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır, öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləməklə məşğuldur. Buna görə də Azərbaycan Respublikasının tam hüququ var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğuna olaraq işğala məruz qalan bir ölkə kimi öz torpaqlarında hərbi əməliyyatlar aparmaqla düşmənin qoşunlarını çıxarsın. Biz torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq. Şanlı ordumuzun gücü və Ali Baş Komandanımızın iradəsi ilə bu məsələni tam bitirəcəyik”.

Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya telekanalında çıxışı informasiya savaşında da uğurlu qələbə idi. Eyni zamanda hazırda Azərbaycan xalqında, Milli Ordumuzda olan ruh yüksəkliyi Azərbaycanımızın növbəti uğurlarını gözləməyimizə əsas verir: “Paşinyan ötən gün çıxışında dünya ictimaiyyətini növbəti dəfə aldatmaqla məşğul oldu. O, yalandan bildirir ki, guya Azərbaycan ordusunda digər dövlətlərin nümayəndələri döyüşür. Bütün bu yalanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini bu müharibəyə sövq eləməyə çalışır. Ancaq onların əlində heç bir sübut və fakt yoxdur. Cənab Prezident də qeyd etdi ki, 10 milyonluq Azərbaycan xalqının 2 milyonluq Ermənistanla vuruşmağa heç bir problemi yoxdur”.

Ötən bir il ərzində Paşinyanın Münhendə, Aşqabadda dəfələrlə özünü rüsvay etdiyini deyən deputat Bəhruz Məhərrəmov isə hesab edir ki, ötən gün Rusiya telekanalında canlı bağlantıya qoşulduğu zaman o, bir daha Ermənistanın haqsız mövqeyini, eyni zamanda özünün tamamilə hazırlıqsız və savadsız olmasını nümayiş etdirdi: “Paşinyanın irəli sürdüyü iddiaların heç bir əsası və sübutu yox idi. Paşinyan suallara cavab verərkən olduqca çətin vəziyyətdə qaldı. O, özünüifadədə çətin vəziyyətdə qaldı. Cənab Prezident Azərbaycanın haqlı səsinə, mövqeyinə əsaslanaraq mükəmməl cavablar verdi. Hesab edirəm ki, bu, Ermənistanın diplomatik sahədə növbəti uğursuzluğudur”.

Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları apardığını deyən deputat Arzu Nağıyev hesab edir ki, Arazdan Murov dağına kimi hər bir istiqamətdə keçirilən əks-hücum əməliyyatları qələbəmizi addım-addım yaxınlaşdırır: “Paşinyan çalışır ki, türk ordusunun cəbhədə olduğunu qabartsın. Hətta yalandan guya digər dövlətlərdən də gəlib Azərbaycanda kimlərinsə vuruşmasını dedi. Bütün bunlar onun absurd yanaşmasıdır. Düşünürəm ki Azərbaycan Prezidenti Ali Baş Komandan kimi həm hərbi sahədə, eyni zamanda digər istiqamətdə çox mühüm məlumatlar verdi. Bu, Azərbaycan Prezidentinin, xalqının və ordunun vəhdət şəkildə bir yerdə olmasından xəbər verən bir məlumatlar idi. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri də bu idi: Ali Baş Komandan bildirdi ki, bu məsələni elə həll etmək lazımdır ki, bir də bu məsələyə qayıdılmasın. Ermənilər bir də bu məsələyə qayıtsa, o zaman dönüb arxaya baxıb dərs çıxarmalıdırlar”.

Cənab Prezidentin birmənalı şəkildə dediyi kimi, Qarabağ Azərbaycandır!

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın