18:51 15 İyul 2020 414
Ana səhifə Xəbərlər

Deputatlar Milli Məclisin binasında baş verənlərə münasibət bildiriblər

“Son 3 gündə biz cəbhədə Azərbaycan Ordusunun aşkar üstünlüyünü müşahidə etdik. Düşmən ordusunun həm bazalarının, həm də anbarlarının, hərbi qüvvələrinin məhv edilməsindən sonra erməni hakimiyyəti, eləcə də onların dünyanın müxtəlif ölkələrindəki himayədarları niyyətlərinin baş tutmadığını görüb B planına keçdilər”. Bunu APA TV-yə açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O hesab edir ki, ötən gecə Milli Məclisin qarşısında yürüşün təxribatla nəticələnməsi Azərbaycanda oturub xaricdən maliyyələşən “beşinci kolon”un nümayəndələrinin ölkəmizdə daxili iğtişaşlar yaratmaq istəklərində doğurdu: “Dünən həqiqətən də qürurverici bir gün idi. Xalq vahid şəkildə öz Ali Baş Komandanına, ordusuna öz dəstəyini, sədaqətini nümayiş etdirmək üçün meydanlara axışmışdı. Lakin təxribatçı qüvvələr Avropadan və dünyanın müxtəlif ölkələrindən təxribatçı çıxışlar edərək, bununla ölkədə sabitliyi pozmağa, cəbhədəki vəziyyətdən diqqəti yayındırmağa çalışdılar. Onlar istədi ki, Azərbaycan hakimiyyətinin diqqəti daxildəki qarşıdurmalara yönəlsin. Bu da alınmadı. Çünki Azərbaycan polisi, vətəndaşı, mediası qətiyyət göstərdi və bu qətiyyəti ilə azsaylı təxribatçıları yerinə oturtdu”.

Deputat Jalə Əliyeva bildirib ki, dünən Azərbaycan gənci, Azərbaycan vətəndaşı böyük bir vətənpərvərlik nümayiş etdirərək, dövlətinin yanında olduğunu bir daha sübut etmiş oldu. Hər bir Azərbaycan vətəndaşı cəbhəyə getmək üçün Prezident İlham Əliyevə müraciətlər etdi. Bütün bunlarla qürur duyduğumuz anda hansısa bir qrup təxribatçının Milli Məclisə daxil olmaq cəhdi bizim üçün qəbuledilməz idi: “Şəhidlər Xiyabanına gələn 50-100 min arası insan sakit şəkildə qaydalara əməl edərək yürüşlərini keçirib dağılmağa başlayarkən haradansa yaranmış bir qrup insan Milli Məclisə daxil olmağa çalışdı və daxil oldu. Milli Məclis ölkənin qanunverici orqanıdır, bir dövlət qurumudur. Parlamentə bu şəkildə hücum nə gözlənilən, nə də qəbul ediləndir. O an orada olan insanlar bilməli idi ki, erməni Milli Məclisin binasında deyil, cəbhədədir. İnanırıq ki, xalqımızın və dövlətimizin birliyi sayəsində biz bu çətin günlərin öhdəsindən gələcəyik”.

Deputat Aydın Hüseynov isə ötən əsrin 90-cı illərində Bakıda elə Milli Məclisin binasında baş verən hadisələrə diqqət çəkib: “Bu binanın özü şahiddir ki, hələ 1991-92-ci illərdə bu binaya yığışıb bütün diqqəti bura cəlb edirdilər. Onlar orduya çağırış edirdilər ki, ordunu cəbhəyə yox, Bakıya yönləndirsinlər. Ordu da Bakıya gəlirdi, sərhədlər boş qalırdı və biz bir-bir torpaqlarımızı itirirdik. İndi həmin təlimatı alanlar bu gün də öz məkrli niyyətlərini bu yolla həyata keçirməyə cəhd etdilər. Lakin onlar unudurlar ki, bu gün dünyanın ən güclü orduları siyahısında olan güclü Azərbaycan ordusu var”.

Deputat Kamal Cəfərov qeyd edib ki, ötən gün baş verən təxribatın bütün içştirakçıları qanun qarşısında cavab verməlidir: “Mən burdan Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm ki, təhlükəsizlik kameraları vasitəsilə həmin provokatorlar müəyyən edilməli və qanun qarşısında cavab verməlidirlər. Mən özüm də burda idim və olanları görürdüm. Həmin qrup hətta jurnalistləri də döyürdülər, İTV-nin əməkdaşına xəsarət yetirdilər. Ona görə mən nümayişdə iştirak edən hər kəsə ilk olaraq təşəkkür edirəm, amma bununla yanaşı, gərək biz hər hansı təxribata uymayaq”.

Dünən xalqımız bütün dünyaya göstərdi ki, vəzifəsindən və peşəsindən asılı olmayaraq, hər bir vətəndaşda müstəqil Azərbaycan dövlətini qorumaq və müdafiə etmək hissi hər şeydən güclüdür. Bu gücü və inamı qırmaq isə mümkün deyil.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın