00:00 06 Aprel 2020 212
Ana səhifə Xəbərlər

Çörəyimizi çirkli əllərdən necə qoruyaq? - REPORTAJ

Çörək bəşəriyyətin ən nadir, ən əziz nemətlərindən bəlkə də birincisidir. Əsrlər boyu xalqımız süfrələrindəki halal çörəklə fəxr edib, “bir gün duz-çörək kəsdiyin yerə qırx gün salam ver” deyiblər. Hər şey dəyişir: insan da, onun zəkası da. Lakin çörək yenə də çörəkliyində qalır. O, insan üçün həmişə faydalı, ətirli və daimidir. Çörək ən çətin anlarda insanı imtahan edəndir. Hazırda bütün dünyada eləcədə ölkəmizdə koronavirusun geniş yayıldığı bir zamanda çörəyin keyfiyyəti və qablaşdırılması xüsusi önəm daşıyır. Bu səbəbdən də çörəyin necə bişirilməsi və qablaşdırılmasını yerində müşahidə etmək üçün yolumuzu paytaxtın Xətai rayonunda yerləşən №1 çörək zavodundan saldıq. Zavoda girər-girməz bütün gigiyenik qaydalara əməl edərək xüsusi geyimlə təmin olunduq. Zavodun baş ustası Elşən Quliyev deyir ki, zavodun əsas devizi “Çörəyə ilk toxunan Siz olun!” heç də elə-belə yerdən seçilməyib. Zavodda 20 növdən artıq çörək istehsal olunur ki, hamısı da xüsusi steril paketlərdə qablaşdırılır: “Dünyanın koronavirusa qarşı mübarizə apardığı bir dövrdə çörəklərin paketlənməsi çox önəmlidir. Yəni çörəklər mağazalardakı rəflərdə qapalı şəraitdə olmalıdır. Çünki hər birimiz gün ərzində bir neçə dəfə əlimizi yuya bilmirik və həmin çirkli əllə də çörəklərə toxunuruq. Bu zaman virus həmin çörəklərə keçə bilər. Bu səbəbdən də mütləq çörəklər paketlənməlidir. Bizim zavodumuzda çörəklərə əllə təmas mümkün deyil”.

Çörək zavoduna gəlib, burada ətri aləmə yayılan çörəyin bişirilmə prosesini görmək elə tamaşaçılar üçün də maraqlı olar. Ona görə də zavodla tanışlığa başladıq...

Bura çörək istehsalı prosesinin ilkin mərhələsi olan məntəqədir. Burada ilk növbədə un xüsusi borular vasitəsi ilə filtr qurğularından keçərək iri çənlərə doldurulur. Daha sonra həmin çənlərdən yenidən filtrlənərək digər borular vasitəsilə növbəti mərhələyə, xəmirin yoğurulması mərhələsinə ötürülür.

Burada quraşdırılan çənlərin hər biri nə az, nə çox düz 50 ton un tutumuna malikdir. İstehsal prosesi tam avtomatlaşdırılan zavodun gündəlik məhsul buraxılışının gücü isə 168 tondur.

Burada istifadə olunan avadanlıqların hər biri Avropada istehsal olunub beynəlxalq standartlara uyğun son texnologiyalardır. Elşən Quliyev deyir ki, bu avadanlıqlar paslanmaz materialdan-nikeldən hazırlanıb. Bütün borular və avadanlıqlar tam gigiyenik qaydalara cavab verir: “Xəmirin yoğurulmasında təbii turş mayadan istifadə olunur. Təbii turş maya hazır çörək məhsulunun uzun müddət qalmasına çörəkdə kartof xəstəliklərinin yaranmamasına kömək edən bir maddədir. Tam təbiidir. Hazırlanan xəmirin acıma müddəti var. Yoğurulduqdan sonra burada dinlənməyə qoyulur. Müəyyən vaxtdan sonra həmin xəmir kündə kəsən maşınlara verilir. Xəmir kündə kəsən maşın tərəfindən müəyyən həcimdə kündələrə ayrılır. Burada xüsusi tərəzi quraşdırılıb ki, bunun vasitəsilə də həmin ayrılmış kündələrin həcmi ölçülür. Bu zaman həmin kündələrə heç bir əl toxunmur. Tam gigiyenik şəraitdə müəyyən qurğular vasitəsilə hazırlanır”.

Bu kündələr aparat tərəfindən kəsildiyinə görə, hər birinin həcmi eyni olmaya bilir. Bunun üçün çörəyin çəkisi minimum 435, maksimum 455 qram standartda müəyyənləşdirilir. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur. Hər növ çörəyin göstəriciləri fərqlidir. Hazır kündələr qabartma prosesini keçdikdən sonra tam hazır vəziyyətdə sobalara ötürülür. Bişirmə prosesi yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunub.

№1 çörəkləri bişdikdən sonra digər zavodlardan fərqi odur ki, xüsusi soyutma qurğuları vasitəsi ilə soyudulur. Burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır.

Soyudulan çörək xüsusi aparat vasitəsilə heç bir insan əli dəymədən xüsusi sterilə olunmuş paketlərə qablaşdırılır.

İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular isə avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.

Zavodun ən əhəmiyyətli şöbələrindən biri də hazırlanan çörəklərin laborator müayinədən keçirilməsidir. Çünki hər bir alıcını ilk növbədə çörəyin keyfiyyəti düşündürür.

İstehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və bulka məmulatlarının istehsalına şərait yaradır.

Şirkətin Lobarantı Azərtac Qurbanovanın sözlərinə görə, xammal əvvəlcə laboratoriyada yoxlanılır və istehsalata verilir: “Daha sonra hazır məhsullardan nümunələr yenidən laboratoriyaya gətirilir, çörəklər skaner olunaraq tərkibi yenidən yoxlanılır. Məlumatlar kompüterə ötürülür və tərkibi, keyfiyyəti, yararlılıq müddəti araşdırılır. Eyni zamanda çörəyin standartlara (eni , uzunu, çəkisi) cavab verməsi də yoxlanılır. Ümumiyyətlə istehsal olunan çörəklərdən hər gün burada nümunələr saxlanılıb onların bir həftə ərzində tərkibinin dəyişib-dəyişmədiyi müşahidə edilir”.

Torpağı bol olanın çörəyi də bol olar, deyiblər. Çörəyin varsa, deməli Vətənin də qüdrətlidir, heç zaman basılmaz.

Hər halda biz çəkib göstərdik doğru seçimi siz tamaşaçıların ixtiyarına veririk. Aldığınız çörəyə “İlk toxunan Siz olun!”

İlahə Vəliyeva, Üzeyir Ağayev APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın