14:01 24 Mart 2021 128
Ana səhifə Xəbərlər

Cinayətkarın qaçmasına mane oldu, həyatdakı ən əziz insanını itirdi –AKTYORUMUZUN FİLM KİMİ HƏYATI

APA TV Kulis.az -a istinadən Xalq artisti Ramiz Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Məmmədov Ramiz Soltanəli oğlu Ramiz Məmmədov 1956-cı ildə Dağlı məhləsində anadan olub. 161 nömrəli məktəbdə oxuyub. Bir müddət sonra yeni açılan 20 nömrəli təzə məktəbə gedib. Olduqca nadinc amma yaxşı oxuyan şagird olub. Şəkli beş il şərəf lövhəsinə vurulub. Birinci-dördüncü siniflərdə kamança dərnəyinə, daha sonra təyyarə düzəldilən dərnəyə gedib. Kamançada çox yaxşı ifa etdiyindən Cahangir Məmmədovun dram dərnəyinə getməyə başlayır.

Burada o Fuad Poladovun, Pərviz Bağırovun məşqlərinə baxır və özü də bilmədən aktyorluq sənətinə vurulur. Kamança dərnəyini gedişlərini yarıda saxlayıb, 6-cı sinifdən etibarən “Yuri Qaqarin” adına dram dərnəyinə getməyə başlayır.

1966-cı ildə Rəhbəri Nizami Əbülfəzoğlu olan İnşaatçılar Mədəniyyət Evinə, daha sonra 4-5 aylıq Ağadadaş Qurbanovun “Damğa” Xalq Teatrında dərnəyə ən sonda isə “26-lar” klubunda fəaliyyət göstərən Lütfi Məmmədbəyovun Xalq teatrı adlanan dərnəyinə gedir.

Orta məktəbi bitirəndən sonra Qazaxıstana hərbi xidmətə yola düşür. Burada onun xidmət etdiyi hərbi hissə Daxili İşlər Nazirliyinin nəzdində diviziya olur. Orada dustaqları mühafizə edir, onları qatarla bir şəhərdən digər şəhərə aparır. Aktyorun sözlərinə görə bütün əsgərliyi demək olar ki, təkər üstündə, yollarda keçir.

Bir dəfə isə dustaqlardan birinin qaçmaq cəhdinin qarşısını aldığı üçün ona 10 günlük məzuniyyət verirlər. O, isə evlərinə gəlmir, elə Qazaxıstan da qalır. Aktyor bu haqda müsahibələrinin birində deyir: “Evə gələndən sonra təzədən ayrılıq hisslərini yaşamaq istəmədim. Düşündüm ki, birdəfəlik xidmətimi edib qayıdaram. Çünki ordakı uşaqlar gedib gələndən sonra aylarla özlərinə gələ bilmirdilər. Orda çox insanlar gördüm, çox talelərlə tanış oldum”.

R.Məmmədov əsgərlikdən qayıdandan sonra 1973-cü ildə İncəsənət Universitetinə daxil olur. 1975-ci ildə rejissor Niyaz Şərifovun dəvəti ilə Musiqili Komediya Teatrına dəvət olunur. Lakin aktyor ştatında yer olmadığı üçün dörd il xorda işləməli olur. Aktyorun teatrdakı ilk rolu “Qaynana”da Nəsibə Zeynalova ilə Əli rolu olur.

O, "Qaynana", "Gurultulu məhəbbət", "Gözün aydın", "Boşanaq evlənərik", "O olmasın, bu olsun", "Bəbirlinin kələkləri" kimi tamaşalarda aparıcı rollar ifa edib. Aktyor bundan başqa "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar ifa edib.

Ramiz Məmmədov 1989-cü ildə 33 yaşında ailə həyatı qurub. Onun ailə qurduğu xanım işlədiyi teatrın mühasibat bölümündə işləyirmiş. Onlar elə teatrda tanış olub bir-birlərinə aşiq olurlar. Aktyor sevdiyi xanımla nişanlandıqdan sonra onu teatrdan işdən çıxarır. Özü də aktyor olduğundan xanımı ilə bir teatrda işləməyi düzgün hesab etmir. Onlar ailə qurandan sonra iki oğul övladları dünyaya gəlir.

Aktyor sevdiyi xanımla 35 il birlikdə ömür sürür. 2018-ci ilin iyun ayında onun xanımı dünyasını dəyişir. Bu itki aktyorun həyatında ən ağır itkilərdən biri olur.

Aktyorla bağlı çox maraqlı faktlardan biri də insanların onu qardaşı ilə səhv salmalarıdır. Belə ki, Ramiz Məmmədovun qardaşı iki dəfə ailə həyatı qurub. Aktyoru həmişə onunla səhv salanda o, bu məsələyə əsəbiləşərmiş ki, axı mən bir dəfə evlənmişəm.

Ramiz Məmmədov Musiqili Komediya Teatrında yeganə aktyordur ki, heç vaxt oradakı işindən ayrılmayıb. Hətta təqaüdə çıxsa belə müqavilə ilə teatrdakı fəaliyyətinə davam edib.

Səyavuş Aslan Musiqili Komediya Teatrında işləyən zaman onun yeganə dublyoru Ramiz Məmmədov olub. Səyavuş Aslan Teatrdan gedəndən sonra onun rollarının hamısını isə Ramiz Məmmədov ifa edib. Teatrın böhranlı vəziyyətində belə ağır repertuar yükünü çiyinlərində daşımağı bacarıb.

Ramiz Məmmədov “Qızıl Dərviş”, “Zirvə” kimi mükafatlar qazanıb. 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə isə Xalq Artisti fəxri adına layiq görülüb.

Uzun zamandır ağciyər xərçəngi ilə mübarizə aparan Ramiz Məmmədov müalicə üçün xarici ölkəyə getməyi planlaşdırsa da, 22 martda 64 yaşında dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın