13:26 24 Oktyabr 2020 771
Ana səhifə Xəbərlər

“Çəkdin, paylaşdın, öldü!” – CƏBHƏDƏN FOTO VƏ VİDEO YAYMAQ NİYƏ OLMAZ?

Cəbhədən hər gün aldığımız qələbə xəbərlərinin, işğal altında olan rayon, kənd və qəsəbələrimizin bir-birinin ardınca azad edilməsinin heç də asan başa gəlmədiyini yəqin ki, hər birimiz bilirik. Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev də xalqa müraciətlərində dəfələrlə bəyan edib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, döyüşlərin başlandığı ilk günlərdən döyüş postlarının yerləşdiyi ərazilərdən, atəş nöqtələrindən və hətta döyüş meydanlarından icazəsiz çəkilən şəkil və videolar sosial şəbəkələrdə yayılmağa başladı. Bu videoların bir qismi hərbi qulluqçular, qalanları isə mülki şəxslər tərəfindən sonrakı fəsadları nəzərə alınmadan paylaşıldı. Baxmayaraq ki, bu cür halların qarşısını almaq, əsgər və zabitlərimizin təhlükəsizliyini təmin edə bilmək məqsədilə ölkə ərazisində sosial şəbəkələrin fəaliyyətinə müharibənin ilk günündən məhdudiyyətlər qoyulmuşdu.

Məsələnin ciddiliyini nəzərə alaraq ilk reaksiyanı elə Müdafiə Nazirliyi verdi. Nazirlik cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə, eyni zamanda döyüş bölgəsində olan zabitlərin hara və nə məqsədlə gəldiyini bildirən, hərbi hava qüvvələrinin uçuş istiqamətlərini, şəhid və yaralılar haqqında dəqiq olmayan məlumatların yayılmamasını, xüsusən döyüşlər zamanı bu ərazilərdə telefon və digər vasitələrlə çəkilən foto və videoları sosial şəbəkələrdə paylaşmamağı vətəndaşlara təkidlə tövsiyə etdi. Amma bütün tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar sosial şəbəkələrdə yenə də qanunsuz foto və videoların paylaşılmasını davam etdirirlər.

Milli Məclisin deputatı Cavanşir Feyziyev hesab edir ki, hərbi sirlərin yayılmaması üçün bu məsələdə daha çox vətəndaşlar məsuliyyətli olmalı və bacardıqları qədər iradə nümayiş etdirməlidir: “Bildiyiniz kimi, bütün dünyada döyüşlər gedən ərazilərdə çəkilişlərin aparılması yalnız Müdafiə Nazirliyinin müvafiq qaydaları əsasında həyata keçirilir. Azərbaycan Ordusu da döyüşlər başlayan ilk günlərdən vətəndaşları və hərbçiləri bu barədə xəbərdar edib. Hərbi əməliyyatlar başlayan ilk günlərdən biz jurnalistlərin daha çox müvafiq təlimatlara əməl etdiklərinin şahidi olduq. Belə ki, jurnalistlər yalnız Müdafiə Nazirliyinin müvafiq saytına istinad edərək məlumatları paylaşırdılar. Lakin son günlər biz rast gəlirik ki, insanlar bir-birinə smartfon telefonlar, “WhatsApp” vasitəsilə müəyyən şübhəli video çəkilişlər göndərirlər”.

Deputatın fikrincə, vətəndaşlar başa düşməlidirlər ki, bu tip çəkilişlər düşmən tərəfindən götürülüb Azərbaycan cəmiyyətinə qarşı istifadə oluna bilər: “Həmçinin döyüş əməliyyatları, hərbi texnikalar barəsində düşmən tərəfə məlumatların sızmasına səbəb ola bilər. Eləcə də ön cəbhədə olan hərbçilərimizin həyatı üçün də təhlükəli ola bilər. Buna görə də bütün vətəndaşlar müharibə vəziyyətini nəzərə alaraq, milli ordumuz tərəfindən əks-hücum əməliyyatlarının davam etməsini nəzərə alaraq bu məsələdə maksimum məsuliyyətli olmalıdırlar”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da döyüş əməliyyatları zamanı çəkilişlərin yalnız Müdafiə Nazirliyi tərəfindən və yaxud nazirliyin xüsusi icazəsi əsasında rəsmi orqan vasitəsilə aparılmalı olduğunu bildirir: “Bu məlumatları biz mütəmadi olaraq alırıq. Həm videomateriallar, həm də orada olan döyüş epizodları şəklində alırıq. Bu, mütəxəssis çəkilişidir və orada, əlbəttə, bütün məxfiliklər qorunur. Bilirsiz ki, smartfon tipli telefonlardan döyüşlərin getmədiyi vaxtlarda da əsgər və zabitlərin istifadə etməsi qadağandır. Mən smartfonlar haqqında çoxda danışmaq istəmirəm. Bunları bir çoxumuz bilirik. Smartfonlarda olan məlumatlar asanlıqla götürülə bilir. Bu telefonlara kənar müdaxilə etmək daha asandır. Yer və koordinatları bu telefonlar vasitəsilə almaq olur. Düşmən tərəfində analitik mərkəzlər var. Bu analitik mərkəzlərdə bütün mediada, sosial mediada yayılan məlumatlar ələkdən keçirilir. Bu zaman kəşfiyyat tipli məlumatlardan orada faydalana bilirlər”.

Şair Ramaldanovun sözlərinə görə, artıq bu cür halların mənfi nəticələrin bir neçə dəfə yaşanıb: “Döyüş bölgəsindən video çəkilib və həmin ərazi vurulub. Bu videoları alan insanlar bunu yayırlarsa, bilməlidirlər ki, öz yaxınlarının, doğmalarının həyatını təhlükə altına atırlar. Çünki həmin ərazilər düşmən tərəfindən dərhal öyrənilə bilir. Həmçinin həlak olan şəxslərlə, vurulan zərərlə bağlı məlumatları qəti olaraq paylaşmasınlar. Kimsə əgər ordumuza, əsgərlərimizə kömək olmaq istəyirsə, bu cür foto və video alsalar belə, özlərində saxlasınlar, sosial şəbəkələrdə yaymasınlar”.

Sonda bir daha vətəndaşlarımızı Müdafiə Nazirliyinin təlim və tövsiyələrinə əməl etməyə, rəsmi olmayan hər hansı məlumatı, foto və videonu paylaşmamağa çağırırıq. İşğal altında olan torpaqlarımızın azad edilməsində hərbçilərimizə dəstək olmaq istəyən hər kəs hər şeydən öncə onların təhlükəsizliyini düşünməli və həyati təhlükəyə səbəb olacaq addımlar atmamalıdır.

Xələf Xələfov

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın