16:45 15 Sentyabr 2020 219
Ana səhifə Xəbərlər

“Bizim həyət” layihəsi çərçivəsində növbəti həyət abadlaşdırıldı – NİZAMİ RAYONUNDA

İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyət Nizami rayonu ərazisində istifadəyə verilib. Ərazidə stadion təşkil olunub, müxtəlif idman ləvazimatları yerləşdirilib və hazırda həyət vətəndaşların istifadəsinə verilib.

APA TV xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyət Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edir:

İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov deyir ki, yaşıllıqların şəhərətrafı mühitə, insanların sosial həyatı və sağlamlığı üçün faydasını nəzərə alaraq Leyla Əliyeva tərəfindən 2017-ci ildən etibarən Bakının abadlaşdırılmağa ehtiyacı olan həyət, park və meydançalarının bərpasına yönəlik “Bizim həyət” layihəsi reallaşdırılır: “Layihə başladıqdan etibarən bizə yüzlərlə vətəndaşdan müraciət daxil olub. Bu müraciətlərə baxılır, davamlı işlər həyata keçirilir. İndi hazırda pandemiya ilə əlaqədar bəzi gecikmələr olub, amma, artıq bütün işlər bərpa olunub və ümidvaram ki, biz bir çox belə gözəl açılışlar edəcəyik və insanların açıq havada vaxt keçirməsinə şərait yaradaraq öz töhfəmizi verəcəyik”.

Bundan əlavə, sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 30 ədəd ağac əkilib və 1330 kv.metr ərazidə yaşıllıq zolağı salınıb:

Yaradılan şərait sakinlərin də ürəyincədir:

- Uşaqlarımız oynayır, sevinirlər. Əvvəllər belə şeylər yox idi. Uşaqlar narahatlıq içindəydi, əziyyət çəkirdilər. Leyla xanıma çox təşəkkür edirəm, Allah canını sağ eləsin.

- Əvvəllər heç həyətə düşmək istəmirdim. Çünki skamyaların rəngi qaçmış, taxtaları qopmuşdu, dəmirləri qırılmışdı. Amma bisetkalar indi çox gözəldir, bütün skamyalar qəşəngdir. Həmişə balkondan baxanda görürdüm ki, heç nə yoxdur. Uşaqların hamısı həyətdə deyil. Amma indi görürəm ki, hamı oynayır, ona görə mən də düşürəm.

- Əvvəllər parkımız pis idi. Skamyaların dəmirləri, taxtaları qırılmışdı. İndi şükür, hər yan yaxşıdır. Parkımız düzəlib. Mən həmişə dostlarımla dərsdən gələndən sonra burda oynayacam.

- Əvvəllər həyətimiz çox pis idi. Mənim heç xoşuma gəlmirdi. Heç kim həyətə düşüb eləmirdi, hamı evdə qalırdı. Amma indi daha yaxşı, daha gözəldir. Çünki hər şey daha müasirdir. Məsələn, yelləncək əvvəl dəmirdən idi və hündür idi. Uşaqlar yellənə bilmirdi. İndi isə bütün uşaqlar yellənə, sürüşə bilir. Prezidentimizə və sizə təşəkkür edirik.

Həyətdə sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb. Həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif idman qurğuları, futbol meydançası, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, ərazidə 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın