18:00 13 Fevral 2020 193
Ana səhifə Xəbərlər

Biri narkotik saxladığına, digəri oğurluq etdiyinə görə tutuldu – QUBADA ƏMƏLİYYAT

Qubada narkotik saxlayan və oğurluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehdiyev saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Malik Mehdiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib: “Atım itdiyinə görə axtarmağa getmişdim. Evimin yanından kanal keçir, Hacıhüseynli kəndinin yolunda zibillikdən qara bir torba gördüm. Açdım içində “nəşə” var idi, qoydum yaxama apardım. Qabaq istifadə edən olmuşam. Qayıdıb gələndə məni saxladılar, qaça bilmədim. Əvvəllər istifadə etdiyimə görə tapdığım narkotik vasitəni özüm istifadə etmək üçün götürdüm. Peşmanam, kaş ki tapmasaydım”.

Keçirilən digər əməliyyat nəticəsində rayonun Cağacuq kəndində evdən dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev yaxalanıb.

Saxlanılan zaman Toğrul Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığını görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb.

Dindirilmə zamanı o əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları isə satdığını bildirib.

Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın