04:40 08 Oktyabr 2019 54
Ana səhifə Xəbərlər

“Binə” ticarət mərkəzində yanğın

Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında “Univermaq” adlanan ərazidə yanğın baş verib.

APA TV xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq texnikası və şəxsi heyəti cəlb olunub

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb.

İlkin məlumata görə, yanğınticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb.

Baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradıb. Saat 02:46-da yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın