06:40 20 Fevral 2020 136
Ana səhifə Xəbərlər

Biləsuvarlı müəllim məktəbə getmək üçün hər gün 70 km yol qət edir - ARAŞDIRMA

Biləsuvar rayonunda yaşayan Elnur Qasımov orta-ixtisas təhsilli ingilis dili müəllimidir. O, artıq 9 ildir ki, Təhsil Nazirliyinin xətti ilə Cəlilabad rayonunun Sarxanlı kənd məktəbində çalışır.

APA TV-nin cənub bürosunun xəbərinə görə, Elnur müəllimin evi ilə işi arasındakı məsafə 70 km-dən çoxdur. Hər gün bu məsafəni gedib-gəlmək ona kifayət qədər çətinliklər yaradır - həm fiziki, həm də maddi baxımdan: “2011-ci ildən bugünkü tarixə kimi hər gün 8-ə işləmiş 5-10 dəqiqə evdən, Biləsuvar rayonunun Təzəkənd kəndindən çıxıram, Cəlilabad rayonunun Sarxanlı kəndinə gedirəm. Orada dərs deyirəm, günortadan sonra yenə saat 3-də, 4-də ac-susuz qayıdıram Biləsuvar rayonuna. Hər gün gedəndə də 3-4 nəqliyyat vasitələri dəyişirəm. 9 ildir mən bu yollarda əziyyət çəkirəm”.

34 yaşlı Elnur müəllim ailəlidir və 2 övladı var. Günü yollarda keçən ata övladlarına vaxt ayıra bilmir. Digər tərəfdən, aldığı əmək haqqının yarısını yollarda xərcləyir, nəticədə ailəsini dolandırmaqda çətinlik çəkir. O, vəziyyətdən çıxış yolunu elə yaxınlıqdakı Biləsuvar məktəblərindən birində işləməkdə görür. Çünki belə olan halda həm vaxtına, həm də maddi vəsaitinə qənaət etmiş olar: “Mən ailəmi də düz-əməlli dolandıra bilmirəm. Elə olur 3 manatlıq yola maşın olmur, məcbur olub taksiyə 20 manat verib sürdürürəm ki, gedib işə çatım, dərsimi deyim, qayıdıb gəlim. Çox çətinliklər çəkirəm yollarda”.

Müəllim iş yerinin dəyişdirilməsi xahişi ilə dəfələrlə müvafiq qurumlara müraciət etməsinə baxmayaraq, cəhdləri cavabsız qalıb: “Bununla bağlı dəfələrlə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırovun qəbulunda olmuşam ki, bəs məni Biləsuvar məktəblərindən birində 13 saat ingilis dili dərs yükü ilə məni təmin eləsinlər. Əgər dərs olmasa, məktəblərdən birində mənim həyat yoldaşımı texniki işlə təmin eləsinlər ki, biz ailəmizi heç olmasa, normal şəkildə dolandıra bilək. Ancaq Biləsuvar RTŞ-nin müdiri və əməkdaşları məni yola verirlər. Bununla bağlı mən dəfələrlə Təhsil Nazirliyinə onlayn formada ərizələr, şikayətlər, məktublar ünvanlasam da, heç bir cavab və kömək olmayıb”.

Məsələ ilə bağlı Biləsuvar Rayon Təhsil Şöbəsinə müraciət etdik. Qurumun baş məsləhətçisi Ülviyyə Məmmədova məsələdən xəbərdar olduqlarını, Elnur Qasımova hələlik heç bir kömək edə bilməyəcəklərini dedi. Çünki az vakansiya var, müəllimlər və müraciətlər çoxdur, həmçinin ali təhsilli müəllimlərə üstünlük verildiyindən, Elnur müəllimin 13 saat dərs yükü ilə təmin edilməsi mümkün deyil: “Bizim ötən tədris ilində 3 məktəbimizdə ingilis dili fənni üzrə vakansiya yaranıb. Sinif komplektlərinin azlığından, müəllimlərin olması baxımından dərs saatları az verilir. Müəllimlərin dərs saatı təyin olunandan sonra 5-6 saat dərslər vakansiyaya çıxarılıb. Həmin vakant yerlər tutulub. Hazırda Səmədabad kənd tam orta məktəbində ingilis dili fənni üzrə 6 saat vakant dərsimiz var. Elnur müəllimin özünə də bu haqda məlumat verilib. Lakin dərs yükünün az olduğunu bildirib və bizim təklifimizi qəbul etməyib. Sadəcə, onu deyə bilərəm ki, bizdə yüksək dərs saatları mümkün deyil. Xarici dil müəllimləri çoxluq təşkil edir və digər məktəblərdə dərs saatı az olan müəllimlər tələb qoyurlar ki, qonşu məktəblərdə imkan olanda bizə köməklik eləyin, belə bir ərizə ilə müraciət edirlər bizə”.

Elnur Qasımovun dediyinə görə, vakant yerlər Rayon Təhsil Şöbəsi tərəfindən ya gizlədilir, ya da bilərəkdən az göstərilir ki, heç kim dərs yükünün azlığına görə Biləsuvara getməsin:“Bütün Azərbaycan rayonlarına vakant yerlər açılır. Amma mən istəyirəm ki, doğma Biləsuvar rayonumun kənd məktəbində və ya rayonun özündə vakant yerlər açılsın ki, mən, nəhayət, 9 ildən sonra öz rayonumda işləyim. Amma ilbəil baxıram ki, vakant yerləri gizlədirlər və ya 5-6 saat göstərirlər ki, o az saata görə qıraq rayonlardan heç müəllim gəlməsin. Yenə o 7-8 saatı müəllimlərin arasında bölüb, məktəbdə tədris edirlər”.

Biləsuvar Rayon Təhsil Şöbəsi isə bu ittihamla razılaşmır: “Biz ötən tədris ilindən Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Rayon Təhsil Şöbəsi və məktəb direktorları ilə bir yerdə yığışırıq. Nazirliyin göndərdiyi düstur əsasında lazım olan dərs bölgüsünü aparırıq. Yəni birtərəfli getmir o iş, bu qurumlar tərəfindən iş aparıldığından, gizlədilmə halı heç cür mümkün deyil”.

Ülviyyə Məmmədova onu da əlavə etdi ki, müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra vakant yerlər yaranıb, əvvəllər heç bu qədər yer tapılmırdı. Aprel-may aylarında Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Rayon Təhsil Şöbəsi və məktəb direktorları ilə birlikdə növbəti tədris ili üçün vakant yerlər araşdırılacaq. Nəticədə vakant yerlər yaranarsa, ya Elnur Qasımovun özünə şifahi şəkildə məlumat veriləcək, ya da özü maraqlansa, sistemdə yer olsa, yerdəyişmə edə bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın