14:40 28 Fevral 2020 238
Ana səhifə Xəbərlər

Biləsuvar gömrük-keçid məntəqəsi yaxınlığında 100 çadır qurulub – KORONAVİRUSLA BAĞLI

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

APA TV-nin cənub bürosunun xəbərinə görə, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mərhələ qəbul çeşidləmə məntəqəsi Biləsuvarda fəaliyyətə başlayıb. Biləsuvar gömrük buraxılış məntəqəsinin terminalında 500 nəfər yerləşə bilən 100 çadır quraşdırılıb. Ümumiyyətlə sərhədi keçən bütün vətəndaşların ilkin müayinə çeşidlənməsi elə gömrük buraxılış məntəqəsində təşkil olunur. Orada aşkar olunmuş şübhəlilər müvafiq tibbi müəssisələrə göndərilir. Digərləri isə ikinci mərhələ qəbul çeşidləmə məntəqəsində çadırlarda yerləşdirilir və müayinə prosesi 6 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilir. İlkin tibbi müayinə üçün bütün imkanlar var. Burada da şübhəli şəxslər tapılarsa, regionda yerləşən müvafiq tibb müəssisələrinə göndərilir.


Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi Elçin Əligülovun sözlərinə görə, birinci müayinə otağı buradır. Burada ilkin baxış, termometriya, ilkin müayinə aparılacaq: “Burada şübhəli şəxslər olarsa, müayinə otağına və ilkin tibbi yardım otağına köçürüləcək. Ehtiyacı olanlara burada yardım göstəriləcək və müvəqqəti izolyatora köçürüləcək. Buradan da geri qayıdıb, başqa vətəndaşlara qarışmamaq şərti ilə təcili yardım maşınları vasitəsilə müvafiq tibb müəssisələrinə göndəriləcəklər. Hazırda çadır şəhərciyini quraşdırmaqda məqsəd ikinci qəbul çeşidləmə işlərini həyata keçirməkdir. (Bu vaxta qədər hər hansı şübhəli şəxs olubmu?) Dünən axşamdan burada quraşdırmışıq çadır şəhərciyini və vətəndaşların qəbuluna tam hazırıq. Heç bir şübhəli şəxs aşkar olunmayıb”.

İkinci qəbul çeşidləmə məntəqəsi su, istilik və elektriklə təchiz edilib. Burada mətbəx, sanitar qovşağı və hamam var. Qurulmuş şəhərcikdə sanitar-epidemioloji vəziyyətə Gigiyena Epidemioloji Mərkəzi və FHN-in Muğan Regional Mərkəzi köməyi ilə nəzarət olunur. Buraya FHN-in 100 nəfərdən artıq şəxsi heyəti cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın