00:40 17 Sentyabr 2019 123
Ana səhifə Xəbərlər

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı başladı - BAKIDA

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıb.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edilib.

Gənclər və İdman naziri Azad Rəhimov mərasimdə çıxış edərək, Azərbaycanın 14 il sonra bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyini əlamətdar hadisə adlandırıb. Azərbaycan Gimnastika Federasiyasının ardıcıl olaraq 2 il dünyanın ən yaxşı federasiyası adına layiq görüldüyünü vurğulayıb.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe də çıxışında iştirakçıları salamlayaraq, mükəmməl təşkilata görə Azərbaycana - Xüsusi ilə Gimnastika Federasiyanın prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çempionat açıq elan edilib.

Tanınmış müğənnilərin ifasından sonra və şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim edilib.

Xalq artisti Emin Ağalarovun ifası maraqla qarşılanıb.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda yarışır. Dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın