21:29 05 Avqust 2020 2531
Ana səhifə Xəbərlər

Bakının məşhur restoranı karantin qaydalarını pozdu

Bakının məşhur restoranlarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkarlanıb.

APA TV-nin xəbərinə görə, paytaxtın Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranının karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi barədə məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları əraziyə yollanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kafedə 8 müştərinin olduğunu aşkarlayıb. Müştərilərdən biri iaşə obyektindən qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb.

Ancaq kafenin iki kabinetində olan müştərilər polisin gəlişindən xəbər tutaraq qaça biliblər. Stolun üzərində isə hesab qaiməsi qalıb. Başqa bir kabinetdə qəlyan çəkən müştəri də polisin gəlişindən xəbər tutaraq qaçmağa çalışıb.

Kafedə müştəri qismində əyləşən 8 nəfər Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Səbail RPİ-də müəssisə rəhbəri barəsində toplanılan materiallar məhkəməyə göndərilib. Müştərilərin hər biri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın