16:18 03 İyun 2020 204
Ana səhifə Xəbərlər

Bakıda qadına qarşı soyğunçuluq edən keçmiş məhkumlar tutuldu

Paytaxtın Yasamal rayonu ərazisində soyğunçuluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayonun Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə içərisində 450 manat olan çantasını alıblar. Zərərçəkən şəxs bununla bağlı 28-ci Polis Şöbəsinə şikayət edib.

Yasamal RPİ-nin baş müstəntiqi Mehrab Məmmədov deyir ki, keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar”.

Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın