17:35 13 İyul 2020 217
Ana səhifə Xəbərlər

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirildi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat həyata keçirib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş İdarəyə Pərviz adlı şəxsin Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Məmmədəliyev tutulub. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram narkotik vasitə həşiş qətranı, 242 qram heroin, 59 qram psixotrop maddə metamfetamin, 31 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi və sandıqçasında 4 ədəd patron olan “Sieger” markalı qaz tapançası aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Goranboy rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əhməd Ərəbov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zamanı ümumi çəkisi 9 qrama yaxın olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki şəxs paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb. Pərviz Məmmədəliyev və Əhməd Ərəbov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın