19:20 24 Fevral 2020 313
Ana səhifə Xəbərlər

Bakıda “maska böhranı” – REPORTAJ

Qonşu ölkələrdə yayılan koronovirus artıq Bakı sakinlərini də təşvişə salıb.

APA TV xəbər verir ki, əczaçılar gün ərzində apteklərə müraciət edən müştərilərin əksər hissəsinin maska almağa gəldiyini bildirir: “Müştərilər ancaq maska almaq üçün gəlirlər. Maska bir də spirt-sprey”.

Özünü və yaxınlarını qorumağa çalışan insanlar virusa yoluxmamaq üçün bəlli olan bir çox vasitələrdən istifadə etməyə üstünlük verirlər. Kimisi qoruyucu maskaların gücünə, kimisi də spirt və digər dezinfeksiyaedici maddələrin onları virusdan qoruduğunu düşünür.

Maraqlıdır görəsən qoruyucu maskalardan istifadənin sayı hansı həddədir? Tələbatın çoxalmasının bu vasitələrin qiymətinə təsiri varmı? Yaxud satışında limit qoyulubmu?

Əvvəllər apteklərdə 5-7 qəpik arasında dəyişən qiymətlə təklif olunan maskalar indi yalnız məhdud sayda verilməklə 15-50 qəpik civarında müştərilərə təqdim olunur: “Sadə maskalar 3 qatdır. Limitdədir. Biz 2 dənədən artıq vermirik. Qiyməti 15 qəpikdir. Hələ qaldırmamışıq. Çünki bizə elə bir məlumat gəlməyib ki, qiymətləri qaldıraq”.

Apteklərdə yaranan “maska böhranı” artıq qara bazarın formalaşmasına gətirib çıxarıb: “Qara bazar formalaşır, amma bizə sərf etmir. Çox bahadır. Biz müştəriyə təqdim edə bilmərik. Bizdə kömürlü maskalar olacaq. 1 dənəsinin qiyməti 2 manatdır”.

İstifadə müddəti təxminən bir-iki saatlıq nəzərdə tutulan maskaların virus mənbəyi olma ehtimalı da var: “Əslində maska istifadə edirlərsə, gərək bir saatdan bir dəyişilsin, çünki o özü mikrob yığır və virus daşıyıcıdır”.

Şəhər sakinlərinin bəziləri bu maskaların faydasız olduğunu düşünür: “Maska alınır apteklərdən. O adi çitdir, neyniyir ki? Onun içində nə var ki taxıb gəzək.

Bəziləri isə maska tapa bilmədiyi üçün narazıdır: “Hansı aptekə giririk, maska yoxdur. Niyə yoxdur? Səbəb nədir, yoxdur? Koronovirus dünyaya yayılıb deyə, heç yerdə maska olmalı deyil? İnsanların istifadə etmədiyi 5 qəpiklik maska indi Azərbaycanda qıtdır. Heç yerdə satılmır”.

Tibbi maskaların qiymətinin bahalaşmasına münasibət bildirən İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda, qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın