16:35 01 Dekabr 2020 187
Ana səhifə Xəbərlər

Bakıda avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılır

"Xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə ediləcək".

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, hazırda paytaxtın Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün zolaq təşkil edilib: "Həmin zolaqda müvafiq yol nişanları quraşdırılıb. Bu zolaq ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub. Paytaxtın on küçə və prospektlərində belə zolaqların yaradılması planlaşdırılır. Zolaqlara digər avtomobillərin daxil olması qadağandır. Əks halda, həmin avtomobillər məsuliyyətə cəlb olunacaq. Bu inzibati xəta tərkibi yaradır. Eyni zamanda hərəkət üstünlüyünə malik avtomobil vasitələri də zərurət yarandıqda, bu zolaqdan istifadə edə bilərlər. Sürücülərdən xahişimiz budur ki, inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmasınlar və avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar".

Vaqif Əsədov zolağa daxil olan digər nəqliyyat vasitələrinin yol boyu quraşdırılmış texniki vasitələr və ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunacağını diqqətə çatdırıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, agentlik tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır. Artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb, gərəkli olan yol nişanları quraşdırılıb və işarələnmə həllini tapıb”.

BNA sözçüsü deyib ki, yaxın günlərdə Qara Qarayev və Atatürk prospektlərində də xüsusi zolaqların yaradılmasına başlanılacaq, hərəkət zolağı tam istifadəyə veriləndən sonra yaranan gecikmələr 20 dəqiqədən 4 dəqiqəyə düşəcək.

Səfər Əlizadə

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın