12:00 21 Fevral 2020 194
Ana səhifə Xəbərlər

Bakı metrosu koronavirusa qarşı dezinfeksiya olunur

Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus infeksiyasına qarşı tədbirlərə Bakının əsas ictimai nəqliyyat vasitələrindən sayılan Metropolitendə də başlanılıb. Tədbirlər insanların daha çox təmasda olduğu qatarlarda, keçidlərdə, vestibüldə və platformalarda da həyata keçiriləcək.

APA TV-nin xəbərinə görə, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir: “Profilaktik tədbirlərə “Bakı Metropoliteni”ndə bu gündən etibarən başlanır. Bu işlər ayda iki dəfə həyata keçiriləcək. Koronavirusla bağlı müvafiq tapşırıq gələnə qədər bu işlər müntəzəm olaraq davam etdiriləcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, tədbirlər gecə növbəsində həyata keçiriləcək. Sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək: "Stansiya və qatarlar zibillənməməli, təmizliyə riayət olunmalı, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılması, yapışdırılması və digər bu kimi hallara yolverilməzdir. Bu məsələ ilə bağlı mübarizədə sərnişinlərin rolu daha böyükdür”.

Bakı Metropoliteninin Sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi şöbəsinin gigiyena üzrə həkimi Gülər Hümbətova deyib ki, metropolitendə ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır. Onun sözlərinə görə, bu tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesab olunan dərman vasitələrdən istifadə olunur.

Qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın