11:00 02 İyun 2020 475
Ana səhifə Xəbərlər

Bağ evində qorunan tarixi qala - ARAŞDIRMA

Bu qala bizim qala,

Qaldıqca bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Azərbaycanda az qala hər kəsin əzbər bildiyi bayatıdır bu. Çox təəssüf ki, bu gedişlə sözügedən bayatını Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən tarixi qalaya aid etməyə bilərik.

APA TV xəbər verir ki, Şirvan-Abşeron memarlıq məktəbinin incilərindən hesab olunan XIII-XIV əsrlərə aid Bilgəh qəsri və ya yerli əhalinin dili ilə desək, “Tonqal qalası” baxımsızlıq səbəbindən qəzalı vəziyyətdədir. Bu azmış kimi, qala dörd tərəfdən hasara alınıb. Obrazlı desək, sözügedən tarixi abidə şəxsi bağ evinin hasarları arasında “gizlənib”.

Məsələni araşdırmaq məqsədilə üz tutduq Bilgəh qalasının yerləşdiyi ünvana. Özünü qalanın yerləşdiyi bağın bağbanı kimi təqdim edən qəsəbə sakini Adil Mirzəyev bildirdi ki, tarixi abidə həyətyanı sahənin içində olmasaydı, çoxdan məhv olmuşdu: “Qabaq bu ərazi boş səhra olub. Təxminən 100-200 il bundan əvvəl burada yaşayış olmayıb. Sonra insanlar buralarda bağlar, həyətlər salıblar. Bu qala da həmin həyətlərdən birinin ərazisinə düşüb. “Tonqal qalası” həyətin içində qaldığına və bağlı olduğuna görə salamat qalıb. Bu qala açıq ərazidə olsaydı, çoxdan məhv olmuşdu. İndi qalıb həyətin bir küncündə. Yəni bunun heç bir əhəmiyyəti yoxdur”.

Adil Mirzəyevin sözlərinə görə, bağ sahəsinin bütün sənədləri qaydasındadır: “Həyətin, torpaq sahəsinin sənədi var. Burada elə bir həyət sahəsi yoxdur ki, onun sənədi olmasın. Bu torpaq sahəsi hazırda Əminə Yusifqızının bağıdır. Bu abidəyə “Tonqal qalası” deyirlər. Qədim zamanlarda işıq olmadığına görə alov yandırılırmış ki, gəmilər, balıqçı qayıqları burdan mayak kimi istifadə edə bilsin. Ona görə bu qalanın adı “Tonqal qalası”dır”.

Bağbanla söhbətimizdən sonra məsələyə aydınlıq gətirmək üçün torpaq sahəsinə sənəd verən quruma – Bilgəh bələdiyyəsinə üz tutduq. Özünü Bilgəh bələdiyyəsi sədrinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxs kameramızı görəndən sonra suallarımızdan yayınmaq istədi.

Bilgəh qəsəbəsinin icra nümayəndəsi Sadiq İbrahimov isə məsələdən agah olduğunu bildirdi. Onun fikrincə, Bilgəh qalası bağ sahəsinin içində daha etibarlı şəkildə qorunur: “Əslində tarixi abidələrin həyətyanı sahələrin ərazisində olmağı düzgün deyil. Amma bir şey var ki, mən 5 ildir, burada icra nümayəndəsiyəm və həmin qalanı həyətin içərisində görmüşəm. Bu qala xalq artistimiz Əminə Yusifqızının həyətində yerləşir. Əksinə, Bilgəh qalası həmin bağ həyətinin içərisində qorunur. Məsələn, qəsəbəmizdə başqa tarixi abidələr var ki, Mədəniyyət Nazirliyi tərəfindən qorunsa da, bu abidələr qəzalı vəziyyətdədir. Mən dəfələrlə orada olmuşam və şahidi olmuşam ki, abidə necə qorunur. Amma yaxşı olardı ki, bununla bağlı müəyyən qərarlar verilsin və tarixi abidə ayrıca qorunsun”.

Məsələ ilə bağlı adı çəkilən xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı ilə də əlaqə saxladıq. O bildirdi ki, bağ evi ona yox, qızına məxsusdur və torpaq sahəsinin bütün sənədləri qaydasındadır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə bildirir ki, Bilgəh qəsəbəsində yerləşən bu tarixi abidə artıq nəzarətə götürülüb və yaxın vaxtlarda sözügedən tikilinin mühafizəsi üçün işlərə başlanılacaq: “Qalanın yerləşdiyi ərazi təxminən 20-30 il öncə satılıb. Ərazi tamamilə yaşayış evlərinin əhatəsindədir. Ölkə əhəmiyyətli bu tarixi abidənin xəritəsi və mühafizə zonası da olmayıb. Dövlət Xidməti tərəfindən həyata keçirilən abidələrin monitorinqi zamanı qalanın koordinatları onun yerləşdiyi ərazinin mülkiyyətçisi olan şəxslə də abidənin qorunması ilə bağlı söhbətlər aparılıb. Yaxın günlərdə isə abidənin qorunması üçün mühafizə müqaviləsi bağlanılacaq”.

Ümid edək ki, aidiyyəti qurumlar qalanın problemlərinin həlli üçün əlini daşın altına qoyacaq və tarix abidə restavrasiya olunacaq.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın