19:20 20 Fevral 2020 156
Ana səhifə Xəbərlər

Azərbaycanın sərhəd-buraxılış məntəqələrində profilaktik tədbirlər görülür – KORONAVİRUSA GÖRƏ

İranda koronavirusa yoluxma halı aşkarlandığı üçün Azərbaycan-İran İslam Respublikası sərhədində yerləşən Astaradakı gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər görülür.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, koronavirusun Azərbaycan ərazisində yayılmasının qarşısını almaq məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq sərəncamlara əsasən postlar tibbi ləvazimatlarla təmin olunub. Burda xidmət göstərən inspektorlar isə əlcək və xüsusi maskalardan istifadə edirlər.

Ölkəmizə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar isə Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun əməkdaşları tərəfindən maarifləndirilir: “Biz bilirik ki, İranda koronavirus yayılıb. Bizi gedəndə yoxlayırlar…. Bizə gedəndə virusla bağlı məsləhət görürlər ki, qoruyucu maskalardan istifadə edərsiniz. Biz də özümüzü qoruyucu maskalarla qoruyuq, çalışırıq ki, bizim vətənə bu xəstəlik gəlməsin”.

Şəfaət Ələsgərova da sərhəd-buraxılış məntəqəsini keçərkən ona məsləhətlər verildiyini deyir: “Oradan keçəndə biz maskalardan istifadə edirik. Çalışırıq vətənimizə, ölkəmizə gəlməsin, bunun qarşısı alınsın. Razıyıq bizim gömrükdən ona görə ki, hər dəfə bizə virusdan qorunmaq üçün məsləhət verirlər”.

Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəkliyi görünərsə, dərhal siqnal səsi verir. Bu halda birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili-tibbi yardım xidmətinə məlumat verilir.

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun rəisi Habil Mehdiyev deyir ki, yoxlamalar zamanı bu günə kimi 5 xarici vətəndaşda yüksək temperatur aşkar edilib: “ÇXR-də koronavirusun yayılması təsdiqini tapdıqdan sonra dərhal Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xüsusi sərəncamlarla yerlərə göstəriş verdi. Virusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülüb. Bu tədbirlər nəticəsində bu günə kimi 3 İran vətəndaşı, 1 Rusiya və 1 Malayziya vətəndaşı tərəfimizdən yüksək hərarətlə aşkarlanmış və tibbi yardım xidmətinə təhvil verilib. Nəticəsini bildirmək istəyirəm ki, rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra, həmin vətəndaşlara adi soyuqdəymə diaqnozu qoyulub”.

Qeyd edək ki, gün ərzində Azərbaycan-İran sərhədindən 8000-ə yaxın insan keçir. Qarşıdan gələn bayram və ziyarət günlərində gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışacaq. Xatırladaq ki, İranın Qum şəhər xəstəxanalarından birində tənəffüs problemləri ilə müalicə alan və koronavirusa yoluxduğu müəyyənləşən iki xəstə dünyasını dəyişib. İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın