09:20 28 İyul 2018 357
Ana səhifə Xəbərlər

Azərbaycandakı miqrant düşərgəsindən REPORTAJ

Son dövrlərdə ölkəmizə gələn əcnəbilərin sayında durmadan artım müşahidə olunur. Həmin əcnəbilərin bir hissəsi isə ölkəmizdə qaçqın kimi yaşamaq istəyir. Bəs onlar hansı prosedurlardan keçir? Hansı şəraitdə yaşayırlar?

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı bu yaxınlarda təqdim etdiyi hesabatda bildirib ki, ölkəmizdə qaçqın statusunda yaşayan şəxslərin sayında 23% artım müşahidə olunur. Hazırda isə ölkəmizdə qaçqın statusunda yaşayan şəxslərin ümumi sayı 75 nəfərdir.

Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 59 nəfər yerləşdirilib. Bu rəqəm dəyişkəndir və qanunvericiliyin tələblərini pozan miqrantlar barələrində verilən qərardan asılı olaraq burada müvəqqəti olaraq bir neçə gün saxlanıldıqdan sonra ölkədən çıxarılırlar. Qaçqın statusu almaq istəyənlər müraciətlərinə baxılmasından asılı olaraq mərkəzdə üç ay müddətində qala bilərlər. Əgər onlara qaçqın statusu verilərsə, imkanları olmadığı halda daha üç ay mərkəzdə qalmalarına kömək göstərilir. Onların əksəriyyəti Pakistan, Hindistan, Əfqanıstan və digər Şərq ölkələrindəndir. Müxtəlif dini etnik qruplara məxsus əcnəbilərin mərkəzdə ibadətləri üçün rahat şərait yaradılıb. Onların arasında isə müsəlmanlar üstünlük təşkil edir.

Burada yaşayan miqrantların şəxsi ehtiyacları DMX tərəfindən qarşılanır. Onlar gündəlik tələbatlarını qarşılamaq üçün bütün vəsaitlərlə təmin edilirlər.

Ölkəmizdə yaşamaq istəyən miqrantlar mərkəzin kitabxanasında milli-mənəvi dəyərlərimiz və ölkəmiz haqqında da məlumat əldə edə bilirlər. Bu isə onların yerli şəraitə uyğunlaşmasına yardım edir.

Diqqət çəkən başqa bir məsələ isə miqrantların ölkəmizə həm individual, həm də ailəvi şəkildə köç etməsidir. Mərkəzdə ailəvi gələn miqrantların da rahat yaşaması üçün hər cür şərait yaradılıb. Yataqxanada hər birində altıya qədər çarpayı, paltar dolabı olan otaqlarda yaşamaq üçün bütün lazımi şərait mövcuddur.

Almas Pitr Pakistan İslam Respublikasının vətəndaşıdır. Aİləsi ilə birlikdə Azərbaycanda yaşamaq istəyir: "Azərbaycan bizim çox xoşumuza gəlir. Ölkənizi çox sevirik. Mənim və ailəmin əsas məqsədi burada yaşamaq və işləməkdir. Bizim Dubayda qohumlarımız var. Onların çox gözəl maddi imkanları var. Onların maddi dəstəyi ilə burada biznes qurmaq, dükan açmaq istəyirəm. Uşaqlarımın gələcəyi də məni çox maraqlandırır. Azərbaycan onlar üçün çox gözəl bir ölkədir və seçimdir. Çalışacağam ki, övladlarım burada təhsil alsınlar. Əsas məsələ isə odur ki, bu ölkədə qadınların yaşaması üçün azad şərait var. Mənim qızlarım Pakistanda müstəqil şəkildə küçəyə çıxa bilmirdilər. Amma burada belə bir problemimiz yoxdur".

Ailəvi şəkildə gələn əcnəbi ailələrin uşaqları üçün mərkəzdə müxtəlif oyuncaqlarla təmin olunmuş otaq fəaliyyət göstərir. Pakistandan olan azyaşlılar burada vaxt keçirməyi xoşlayırlar.

Böyüklərin də asudə vaxtlarını keçirməsi üçün istirahət otağı fəaliyyət göstərir. Pakistan və Hindistandan olan əcnəbilər burada şahmat oynamağı daha çox sevdiklərini və şahmatın məhz onların vətənlərində yarandığını vurğulayırlar.

Gənc miqrantlar isə daha çox bir-biri ilə söhbət edir və mədəniyyətləri, o cümlədən ölkələri barədə bir-birinə məlumat verirlər.

Ölkəmizdə yaşamaq arzusunda olan miqrantlar dilimizi öyrənmək üçün də səylə çalışırlar. Bunun üçün mərkəzdə xüsusi tədris otaqları fəaliyyət göstərir ki, burada da miqrantlara Azərbaycan dili tədris edilir.

Digər diqqət çəkən məqam mərkəzin divarında Ombudsmanla əlaqə saxlamaq üçün məlumat lövhəsinin olmasıdır. Əcnəbilər onlarla rəftardan hansısa narazılıqları olduqları halda, buradan birbaşa olaraq İnsan Haqları üzrə Müvəkkillə əlaqə yarada bilərlər.

Miqrantlara öz ölkələrində olan qohumları ilə də əlaqə saxlamaq üçün şərait yaradılıb. Mərkəzdə həmçinin miqrantların istirahəti üçün idman meydançası və gəzinti yeri yaradılıb. Burada onlar yeməkdən öncə asudə vaxtlarını oyunlar oynayaraq keçirirlər.

Hindistanlı tələbə Cüneyt Xan deyir ki, ölkəsində bir çox problemlərlə qarşılaşdığı üçün Azərbaycana gəlib. "Ümidlərim böyük, arzularım isə çoxdur" - deyə o vurğulayıb. Cüneyt öz ölkəsində mühəndislik ixtisası üzrə təhsil alıb: "Azərbaycana işləmək məqsədilə gəlmişəm. Hindistanda iş tapmaq çox çətin məsələdir. Hindistanda olarkən Azərbaycan haqqında çox eşidirdim. Bura gəldikdən sonra çox gözəl ölkəyə sahib olduğunuzu gördüm. Burada gələcəyimi yaxşı görürəm və qalmaq istəyirəm. Yaşamaq üçün pul qazanmaq lazımdır. Bu isə sizin ölkənizdə mümkündür. Gözəl insanlarınız var. Mətbəxinizi də bəyəndim. İnkişaf etmiş ölkəyə sahibsiniz. Hindistanda iş tapmaq olar, amma orada əmək haqları olduqca aşağıdır, yaşam ehtiyaclarımızı ödəmir".

Mərkəzdə yerləşdirilən xarici vətəndaşların gündə 3 dəfə qidalanması üçün də lazımi şərait yaradılıb. Daha bir vacib məqam - milli yeməklərimizə öyrəşə bilməyən əcnəbilərə öz milli yeməklərini hazırlamaq üçün də şərait yaradılıb.

DMX-nin ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Füzuli İsmayılovun sözlərinə görə, qurumun Yevlax şəhərində də belə bir saxlama məntəqəsi var: "Ümumiyyətlə, saxlama mərkəzlərində yerləşdirilmə qanuna müvafiq şəkildə həyata keçirilir. Ölkəmizə gələn və vətəndaşlığı olmayan şəxslərin, məsələn, qaçqın statusu almaq istəyən şəxslərin qalamağa yeri yoxdursa əgər, DMX-nə müraciət edirlər. DMX müvafiq prosedurlara uyğun şəkildə onların mərkəzlərdə yerləşdirilməsini təmin edir. Onlar burada 3 ayadək qala bilərlər. Zərurət yarandıqda, bu müddət 6 ayadək uzadıla bilər. Həmçinin qeyd edə bilərik ki, burada yerləşdirilən əcnəbilər sərbəstdirlər. İstədikləri vaxt şəhərə gedə bilərlər. Onların təhlükəsizlikləri üçün burada istənilən şərait yaradılıb. Mərkəzdə şəxsi heyət günün 24 saatında xidmət aparır".

Qeyd edək ki, iyulun 23-24-də Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı ümumilikdə 62 əcnəbi saxlanılıb.Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Müəllif | Apa.Tv

Kodu kopyalayın