18:17 20 Noyabr 2020 157
Ana səhifə Xəbərlər

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək.

APA TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Əsasnamədə “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi hesab olunur.

Milli Məclisin sədr müavini Əli Hüseynli deyir ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı işğal olunan ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, onun tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə veriləcək: “Bu adın fərqlənmə nişanı “Vətən Müharibəsi Qəhrəmanı” medalıdır. Bu medal qızıl ulduz medalından əvvəl tanınır, vətən müharibəsi adını almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən də istifadə edəcəklər”.

Vətən müharibəsində qələbə münasibətilə yeni orden və medallar da təsis ediləcək. Orden və medalların təsis edilməsi haqqında qanun layihəsinə dəyişiklik haqqında danışan Milli Məclisin sədr müavini Əli Hüseynli bildirdi ki, hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var, Prezident tərəfindən isə 2 orden və 15 yeni medal təklif edilib: “Bilirsiniz ölkədə ən yüksək təltif Heydər Əliyev ordendir. İndi təklif olunan 2-ci orden “Zəfər” ordenidir. “Zəfər” ordeninin təsvirində cənab Prezidentin dəfələrlə vurğuladığı bir simvol dəmir yumruq qeyd olunmuşdur. 02-30 Növbəti orden “Qarabağ” ordenidir. Ordenin təsvirində onu görürük ki, “Qarabağ” ordenində, Qarabağ xanlığında mövcud silahlar istifadə edilmişdir. Növbəti “Cəsur döyüşçü” medalıdır. Bu yeganə medaldır ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunacaq. Növbəti medallar isə işğaldan azad olunan şəhərlərin adlarını özündə əks etdirir”.

Müzakirələr zamanı millət vəkili Fəzail Ağamalı və Siyavuş Novruzov Ali Baş Komandan İlham Əliyevə xüsusi ordenin hazırlanıb təqdim edilməsini də təklif edib:

- Qələbənin təmin olunmasında müstəsna və əvəzsiz rol oynayan Azərbaycan xalqının ürəyində xilaskar rol oynayan Cənab Prezidentimizə təltif məsələsini niyə müzakirə etməyək? Xilaskar ordeni ilə təltif olunsun.

- Bunun əsasnaməsinə bir cümlə əlavə etmək lazımdır ki, Vətən Qəhrəmanı ordeninin birincisi Cənab Prezidentə təqdim olunsun.

Daha sonra millət vəkilləri Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı, Xocavənd rayonunun Tsakuri kəndinin isə Hünərli kəndi adlandırılması haqqında qanun layihələrini müzakirə ediblər. Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın