17:18 21 Yanvar 2020 310
Ana səhifə Xəbərlər

Azərbaycanda tanınmadan dəfn edilmiş daha bir şəhidin yaxınları tapıldı

İmişlidə tanınmadan dəfn edilmiş şəhidlərdən birinin qohumluq əlaqəsi müəyyənləşib.

APA TV-nin xəbərinə görə, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə eksqumasiya olunub və müvafiq nümunələr götürülüb.

Komissiyadan bildirilib ki, meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Həmin şəxs 1971-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş İbrahimov Vəlyəddin Səhrab oğludur. O, 1994-cü ilin yanvar ayında şəhid olub

Hərbi rituallara uyğun olaraq Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər Xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın