19:19 13 Fevral 2020 365
Ana səhifə Xəbərlər

Azərbaycanda beynəlxalq standartlara uyğun dönərxanalar açılacaq

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində "Süfrə" MMC yaradılacaq.

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq etmək olacaq.

Sədrin sözlərinə görə, belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır: "Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək".

Qoşqar Təhməzli deyib ki, layihə çərçivəsində əvvəlcə kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq: "Ümumdünya Heyvan Sağlamlığı Komitəsinin verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir. Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir”.

Qeyd edək ki, heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən pulsuz həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət sahəsi sırf qida təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın