22:00 10 Oktyabr 2019 21
Ana səhifə Xəbərlər

Azərbaycan Prezidenti Türkiyənin təhsil nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyənin təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfər uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlıq davam edəcək.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir və elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək.

Bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcəyini deyən Prezident qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcəyini qeyd edib.

Türkiyənin Təhsil naziri Ziya Selçuk isə deyib ki, Azərbaycanda Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar Türkiyədə böyük bir sevinc hissi yaradıb. Həm vətəndaşlarımızın ünsiyyətinin artması, həm tələbələrin Türkiyəyə təhsil almağa gəlmələri, həm də Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi hamımızı çox məmnun edir.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını söyləyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirib.

Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın