17:36 29 Sentyabr 2020 410
Ana səhifə Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

“İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib”.

APA TV-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb: “Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Artilleriyamızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib”.

A. Eyvazovun sözlərinə görə, gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Sevinc Vaqifqızı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın