16:40 10 Sentyabr 2019 56
Ana səhifə Xəbərlər

Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilib

Azərbaycanda Aşura günü ilə əlaqədar mərasimlər keçirilib. İnsanlar məscid və ziyarətgahlara üz tutub, qanvermə aksiyalarına qoşulublar. Aşura günü həm müsəlmanların, həm də ondan əvvəlki ümmətlərin yaddaşında mühüm hadisələrin baş verdiyi gün kimi qalıb. Məhərrəm ayının 10-cu günü olan Aşura günü İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl edildiyi gündür. Məhz bu gün münasibətilə hazırda Təzə Pir məscidində qanvermə aksiyası keçirilir.

Hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyaları təşkil olundu. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya zamanı insanlar növbəyə düzülərək qan verdilər.

Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasına səhər saatlarından start verilib və gün ərzində davam edəcək.

Elmi-tədqiqat hematologiya və transfuziologiya institutunun direktoru Zöhrə Əlimirzəyevanın sözlərinə görə, saat 12-yə olan məlumatımız 3510 nəfər qan verib: “Müraciət edən bütün insanlar həkim tərəfindən müayinə olunur, hemoqlobinin səviyyəsi, qan qrupu yoxlanılır. Daha sonra isə toplanan qanlar mərkəzi qan bankına göndərilir və orada infeksiyalara görə müayinələr aparılacaq. Qanlar tamamilə yoxlanıldıqdan sonra komponentlərə ayrılır və ehtiyacı olan insanlara verilir”.

Aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, hökumət nümayəndələri və dini icma rəhbərləri də iştirak etdilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, xəstələrə öz qanımızı verməklə onlara müəyyən qədər şəfa vermək, köməklik göstərmək şəriətin və dinin istəyidir: “Və ona görə də bu gün Azərbaycanda Təzə Pirdə deyil, bir çox məscidlərdə qanvermə davam edir və bu böyük köməklikdir. Həm də ki, çox sevinirəm ki, qanvermə fəqət Azərbaycanda deyil, yaxın dövlətlərdə İranda da, Türkiyədə də bizdən sonra başlamışdır. Düşünürəm ki, bu savab işdir. İmam Hüseyn də bəyənərdi”.

Aksiyada toplanan qan hematologiya və transfuziologiya institutunun mərkəzi qan bankının bazasına yerləşdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın