11:20 27 Aprel 2018 1114
Ana səhifə Xəbərlər

Aprel döyüşlərində ən çox bombalanan kənd - REPORTAJ

Ağdamın cəbhə xəttində yerləşən Çəmənli kəndinin sakinləri aprel döyüşlərinin hər ildönümünü “Zəfər günü” kimi qeyd edir. Halbuki Çəmənli kəndi aprel döyüşlərində düşmənin ən çox zərər vurduğu yaşayış məntəqələrinin önündə gəlir.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ermənilər iki il əvvəl kəndə ağır artilleriya qurğularından onlarla mərmi atıb. Nəticədə dinc əhali arasında ölən də olub, yaralanan da. Evlər dağılıb, mal-qara tələf olub, əkin sahələri partlamış və ya partlamamış hərbi sursatlarla çirklənib.

Çəmənli kənd ərazi nümayəndəsi Mobil Quliyev o günləri belə xatırlayır: "Həmin dövrdə Çəmənli kəndində 4 ev tamamilə dağıldı, 76 ev qismən zərər gördü. Ölkə başçısının sərəncamı ilə həmin evlər yenidən tikilərək ev sahiblərinin ixtiyarına verildi. Cəbhə bölgəsi olaraq biz prezidentimizə, ordumuza güvənib yaşayırıq".

Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı Çəmənli kənd orta məktəbində təşkil olunan tədbir də əslində Lələtəpə zəfərinin hər zaman ürəklərdə yaşayacağına daha bir sübutdur. Tədbirdə məktəblilərin vətənpərvərlik mövzusunda hazırladığı ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb. Məktəbin direktoru Taleh Nuriyev deyir ki, Ağdamın Saybalı kəndindən məcburi köçkün düşəndə 9 yaşı olub. Onun fikrincə, indiki uşaqlar müstəqil demokratik güclü bir dövlətin vətəndaşı kimi böyüdükləri üçün çox şanslıdırlar: "Çox xoşbəxt uşaqlardır. Lakin müharibə çox pis termindir. Sadəcə, müharibə harada varsa, orda ölüm var, qan var. Arzulayırıq ki, müharibə sülh yolu ilə başa çatsın. Torpaqlarımız işğaldan azad olsun. Bu uşaqlarımız valideyn həsrəti yaşamasın, yurd həsrəti yaşamasın. Mən 25 ildir yurd həsrəti çəkirəm. Amma inanıram ki, yaxın gələcəkdə o torpaqlara biz gedə biləcəyik".

Tədbirdə iştirak edənlər arasında 4 nəfər də vardı ki, onlar həmin günləri ən ağır yaralarla xatırlayırlar. Aprel hadisələrində kənd sakinləri Zahir Rəhimov, Adil Məmmədov, Anar Abdullayev və Sirdaş Kərimov mərmi qəlpələrindən yaralanıblar. Həmin vaxt APA TV-nin əməkdaşları təcili tibbi yardım həkimlərinin həyatını xilas etməyə çalışdığı yaralıların görüntülərini çəkərək, erməni hərbçilərinin dinc əhalini gülləbaran etməsi faktını dünya ictimaiyyətinə çatdırmışdı. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinlərinə və Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan yaralılara baş çəkmişdi: "Əzablar çəkmişik. İki ildə nə qədər dərman içmək, sistem qoşulmaq olar. Prezident də yanımıza gəldi Diaqnostika Mərkəzinə. Həkimlərimizi də sağ olsun. Onların zəhmətini heç vaxt unutmarıq".

Qeyd edək ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Müəllif | Apa.Tv

Elvin Bayramlı

Kodu kopyalayın