19:10 03 May 2021 102
Ana səhifə Xəbərlər

AMEA: Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var

“Bu günədək nəşr edilən birinci "Qırmızı kitab"da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitabda isə 223 fauna və 300 flora növü qeydə alınıb".

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, III "Qırmızı kitab"a daxil ediləcək flora və fauna növlərinin sayının artması da istisna deyil: “Həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, onların areallarının dağılmasına, bəzi hallarda populyasiyasının yer üzündən silinməsinə səbəb olur. Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq. Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəziləri rəssamlar tərəfindən çəkiləcək. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda "Qırmızı kitaba" düşəcək növlərin sayı artır. Nazirin əmri ilə komissiya yaradılıb. Bu gün də ilk iclas keçirildi və mühüm qərarlar alındı".

Jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova isə “Qırmızı kitab"ın III nəşri ilə bağlı redaksiya heyəti yaradıldığını qeyd edib. O bildirib ki, bu nəşrlə bağlı iş proqramı hazırlanıb: “Proqramda əsas məqsəd nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin bu siyahıdan çıxarılması və ehtiyac olanların siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək. III nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin də sayı artacaq".

İradə Hüseynova onu da qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdəki məhv olan bitki, göbələk və heyvanların sayı barədə məlumat demək olar ki, olmayıb. Onun sözlərinə görə, yeni nəşrdə həmin ərazilərdəki kitaba salınacaq növlərlə bağlı monitorinqlərə başlanılacaq. "Qırmızı Kitab"ın III nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.

Xələf Xələfov,

Musa Qulammirəzyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın