10:30 21 May 2020 2592
Ana səhifə Xəbərlər

Alimentdən boyun qaçıranları gözləyən həbs - “BAŞQA AİLƏM VAR, ÖDƏYƏ BİLMİRƏM”

Alimenti ödəməyən və ödəyə bilməyən şəxslər, yəni valideynlər barəsində cinayət işi açılıb. Bu ilin birinci rübündə həmin şəxslər 38 nəfər təşkil edib.

APA TV-nin xəbərinə görə, Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Həsrət Abbasov 2 övlad atasıdır. Məhkəmə tərəfindən bu şəxsə hər övladına görə 72 manat aliment nəzərdə tutulub. Bir müddət əvvəl də alimenti ödəyə bilmədiyinə görə 10 gün azadlıqdan məhrum edilib: “Yenidən ailə qurmuşam. 2 azyaşlı övladım var. Məhbus həyatından sonra işim də olmadı. Qazandığım pulla dolana bilmirəm. Həmin maaşla ancaq ikinci ailəmdən olan övladlarıma baxa bilirəm”.

Həsrət Abbasov Füzuli Rayon Məhkəməsinin icra məmuru tərəfindən rayon məşğulluq mərkəzində qeydiyyatdan keçirilsə də, təklif edilən işdən imtina edib. Böyük icra məmuru Həkimi Atakişiyev deyir ki, o səbəb kimi isə maaşın qane etmədiyini bildirib:

Borclu Abbasov Həsrət Əli oğlu barəsində olan alimentə dair Beyləqan Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokola 12 may 2020-ci il tarixində Füzuli Rayon Məhkəməsində baxılıb və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilib”.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, bir uşaq atası Hafiz Hüseynovu da eyni aqibət gözləyir. Məhkəmə tərəfindən ona kəsilən 85 manat alimenti ödəmədiyinə görə inzibati həbs olunacaq.

O, alimenti ödəməməsinin səbəbini məhkəmə qarşısında bu cür ifadə edir:

  • Alimenti ödəməməyinizin səbəbi nədir?
  • İşləmirəm, pulum yoxdur. Burada da iki yetim uşağım var. Anası rəhmətə gedib, mən saxlayıram.
  • İkinci dəfə evlənmisən?
  • Xeyr. Birinci həyat yoldaşım rəhmətə gedib. Bununla da evlənməmişəm. Kafedə işləyirdi. Mən də 5 aydır Bakıda saxlamışam.

Şəxs atalıq hüququndan imtina etsə də, bu günə qədər aliment borcundan 282 manat pul ödədiyini, sonra isə həmin uşağın onun övladı olduğunu etiraf edib.

3628 manat aliment borcu olan Hafiz Hüseynov da icra məmurları tərəfindən Füzuli rayon Məşğulluq Mərkəzindən qeydiyyatdan keçirilib. İcra məmuru Vəfa Ələkbərovanın sözlərinə görə, Hafiz Hüseynov təklif edilən maaşın qane olmadığını əsas gətirərək, işdən imtina edib: “Füzuli Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarına əsasən, borclu Hüseynov Hafiz Rəhim oğlu barəsində 10 gün müddətinə inzibati tənbeh tədbiri tətbiq olunub. Onun barəsində tərəfimizdən icra tədbirləri davam etdirilir”.

Müsahibimiz Anar Əzimzadə müvafiq işlə təmin edilməsə, onu da eyni aqibət gözləyir: “6 ildir ki, boşanmışam. 3 övladım var. 351 manat aliment kəsilib. Pandemiya ilə bağlı alimentin ödənişində böyük çətinlik yaranıb. Buna görə alimenti tam deyil, 220 manat civarında natamam şəkildə ödəmişəm. İşsiz adamam”.

Ümumilikdə 2019-cu il ərzində icra xidmətlərinin yerli qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92 350 ədəd icra sənədi olub. Bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2011 şəxs inzibati qaydada həbs edilib. Ədliyyə Nazirliyi icra baş idarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov deyir ki, borcla əlaqədar yeri naməlum olan 3509 nəfər isə axtarışda olub: “Eyni zamanda xüsusi karantin rejimi dövründə alimenti ödəməkdən yayınan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri həyata keçirilib. Bəzi borclular var ki, xüsusi karantin rejimini bəhanə edərək, alimenti ödəməkdən yayınmağa cəhd göstərib, lakin icra məmurları tərəfindən bu halın qarşısı alınıb və həmin şəxslərə qarşı ciddi tədbirlər eyni zamanda inzibati həbs tənbehi də tətbiq olunub”.

Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən “ASAN Xidmət”lə əməkdaşlıqda tətbiq olunan yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment ödənişlərini “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Rüstəm Rəhimov deyir ki, bundan başqa, ötən il ərzində icra qurumlarının icraatında uşaqla ünsiyyət tələbinə dair 7 mindən artıq icra sənədi olub: “Xüsusi rejim dövründə isə uşaqla ünsiyyətin təmin olunması virtual qaydada yəni, videozəng vasitəsilə həyata keçirilir. Bu zaman uşağı ilə ünsiyyətdə olmağı istəyən şəxs videozəng vasitəsilə uşağı ilə əlaqə saxlayıb. Bu cür qurğusu olmayan şəxslərə danışığı bərpa etmək məqsədilə icra məmurları tərəfindən köməklik göstərilib”.

Xatırladaq ki, dünyanın bir sıra ölkələrində aliment ödənilməsində problemlərin yaranmaması üçün Aliment Fondu yaradılıb. Bu fondlar tərəfindən dağılan ailələrin övladları üçün pul ödənilir. Ölkəmizdə isə belə fondun yaradılması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələ ki konkret nəticə əldə etmək mümkün olmayıb.

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın