19:01 05 Avqust 2020 549
Ana səhifə Xəbərlər

Abşeron və Hövsan Olimpiya kompleksləri modul tipli xəstəxanaya çevrildi

Yeni növ koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Abşeron idman kompleksi müvəqqəti xəstəxanaya çevrilib.

APA TV-nin məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, xəstəliyin getişatını planlaşdırmaq mümkün olmadığı üçün hazırlıq tədbirləri görülür:

“COVID-19 pandemiyasının gedişatı, iyun və iyul aylarında yoluxanların sayının artması ilə əlavə cəlb olunan yataqların doluluğu Bakı şəhərində 80-85%-ə qədər çatdı. Bunu nəzərə alaraq əlavə müəssisələrin cəlb olunması planı üzərində işlədik. Karantin rejimi nəticəsində yoluxma sayları enib. ÜST, beynəlxalq səhiyyə qurumları, ölkəmizə bu günlərdə dəvət edilən ekspertlər payız ayı üçün hazırlıqla bağlı tövsiyələr verirlər. Bütün dünya ölkələri bu hazırlığı görür. Çünki xəstəliyin gedişatını əvvəlcədən planlaşdırmaq qeyri-mümkündür. Açılışını etdiyimiz bu Abşeron olimpiya kompleksi nəzdində yaradılan tibb müəssisəsi çox böyük standartlara cavab verir. Burada təxminən 15 günə yaradılmış şərait ən müasir tələblərə cavab verir”.

Ramin Bayramlı qeyd edib ki, kompleksdə 277 çarpayı yeri var. Bu çarpayılar hamısı oksigen balonu ilə təchiz olunub. Kompleksdə xəstələrin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün Türkiyədən 54 kubmetr gücündə müasir Oksigen İstehsalı Stansiyası alınaraq quraşdırılıb. Bundan başqa, burada “Ekomak” kompressoru, qurutma-soyutma qurğusu, 95 faizdən artıq oksigen təmin etmək imkanı olan “Medisam” oksigen generatoru və digər avadanlıqlar quraşdırılıb.

Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, Azərbaycanda 47-dən artıq olimpiya idman kompleksi istifadəyə verilib:

“Hər kompleksdə buna oxşar şərait var: mətbəx, mehmanxana və s. Bütün komplekslərimiz qısa müddət ərzində ən son avadanlıqlarla, cihazlarla təmin olunub. Çox istərdik ki, bu komplekslər xəstəxana kimi istifadəyə lazım olmasın, yenidən idman kompleksi kimi fəaliyyətini davam etdirsin”.

Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi də modul tipli xəstəxanaya çevrilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın