18:40 09 May 2018 515
Ana səhifə Xəbərlər

98 yaşlı veteran: “Buz qırıldı, suda batanların hamısı azərbaycanlı idi” – XATİRƏLƏR...

Mən kimə söyləyim, çoxdur macalım,

Sinəmdə baş açıb, sağalmır yaram.

İçdiyim zəhərdir, yediyim haram,

Olubdur həyatın viran, ey Vətən,

Deyilmiş ayrılıq asan, ey Vətən.

Mirməhəmməd Əliyev 1920-ci il aprelin 24-də Astarada anadan olub. İxtisasca ibtidai sinif müəllimidir. Böyük Vətən Müharibəsi başlayana qədər pedaqoq kimi çalışıb. 1941-ci il sentyabrın 15-də könüllü müharibəyə yollanıb.

Öncə 3 ay Bakıda kəşfiyyat batalyonunda xidmət edib. Daha sonra 10 minlərlə əsgərlə birlikdə azərbaycanlı diviziyanın tərkibində Krıma göndərilib. Müharibə alovunun içinə düşmədən öncə ilk dəfə ölüm qorxusunu Krıma yollanarkən yaşayıb:

“Dekabrın 30-u birinci paroxod yola düşdü. İçində 3 min əsgər var idi. 2 saatdan sonra xəbər gəldi ki, almanlar paroxodu batırdılar. Saat 6-da bir paroxod da göndərdilər. Xəbər gəldi ki, onu da batırıblar. Onda da 3 min əsgər var idi. Növbəti gün, dekabrın 31-də axşam bizi mindirdilər paroxoda, göndərdilər Krıma. Bəxtimizdən duman var idi. Qırıcılar bizi görə bilmədilər. General əmr etdi ki, kibrit yandırmayın, papiros çəkməyin! Səhər saat 8-də Krıma çatdıq”.

Mənzil başına 20 metr qalmış bir neçə əsgər buz bağlamış dənizi keçməyə cəhd edir. Lakin buz qırılır və onlar suda boğulurlar. Hamısı azərbaycanlı idi. Sağ qalanlar motorlu qayıqla nəzərdə tutulan məntəqəyə çatmağa müvəffəq olurlar. Qızınmaq üçün od qalayanda almanların atəşinə məruz qalırlar. Xoşbəxtlikdən bu dəfə də itki olmur. Almanların növbəti hücumlarından qorunmaq üçün gecə ilə piyada Kerçə yola düşürlər. Orada xaraba qalmış, içini qar örtmüş bank binasında yerləşirlər:

“Dörd nəfər idik. İki nəfər Astaradan, biri Gəncədən, biri də Qasım İsmayılov (indiki Goranboy)rayonundan. Biz həmişə bir yerdə olurduq. Qarın üstündə oturdum deyə paltarım qara yapışdı. Dedim ki, uşaqlar, burada oturmaq olmaz. Otursaq, öləcəyik. Gəlin, "Ləzginka" oynayaq. Səhərə qədər oynadıq”.

Ertəsi gün toplaşma yerinə gecikən, buraxılış parolunu bilməyən əsgərlər az qala güllələnəcəkdilər. Onları azərbaycanlı kapitan xilas edir. 21 yaşlı gəncin “macəraları” bununla da bitmir. Növbəti dəfə o, neft quyusuna düşür. Bu dəfə də bəxti gətirir, xilas olur. Orta təhsilli olduğu üçün Mirməhəmməd Əliyevi bölük komandiri seçirlər.

Müharibəyə göndərilən on minlərlə əsgər arasında ermənilər də var idi təbii ki. Bir gün erməni polkovnik Mirməhəmməd Əliyevi yanına çağıraraq, əsgərlərinin SSRİ əleyhinə danışdığını iddia edir:

“Familiyamı soruşdu. Sonra sual verdi ki, komsomolsan? Dedim ki, hə. Mənim bölüyümdəki əsgərlər azərbaycanlılar idi. Dedi ki, “əsgərlərin SSRİ əleyhinə danışırlar. Qutu qoymuşam. Adlarını yazıb o qutuya atarsan”. Mən dedim ki, mənim yanımda sovet əleyhinə kim danışa bilər? Heç kim danışa bilməz, canını alaram! Dedi ki, get, amma bu söhbəti heç kimə demə”.

3-4 ay sonra Mirməhəmməd Əliyev müharibədə yaralanır:

“Bomba düşdü, kontuziya oldum. Məni hospitala apardılar. 3 gündən sonra ayıldım. 10 gündən sonra yaxşılaşdım. Tibb texnikumunu bitirdiyimə görə orada tibb bacılarına kömək etməyə başladım. İki aydan sonra məni hospitalın rəhbəri təyin etdilər”.

Mirməhəmməd Əliyev müharibə bitənə kimi çalışır. Bir çox ölkələrə ezam olunur, yaralılara yardım edir. Elə o yaralılardan biri - özbək polkovnik savaş bitən kimi, hər yerdə vəziyyətin gərgin olduğu bir zamanda ona iş tapmaqda kömək edir. Bundan sonra ta 1990-cı ilə kimi qəhrəmanımız Özbəkistanda yaşayır. Sonra vətənə dönüb, bir müddət işlədikdən sonra təqaüdə çıxır.

Deyir ki, döyüş yoldaşlarından sağ qalan bircə odur. Savaş illərinin xatirələrini 98 yaşlı veteran şeirlə ifadə edib:

İllər ayrısıyam, həsrətinəm mən,

Açılmır başımdan nə duman, nə çən,

Uzun gecələri ta ki, sübhəcən

Durmur gözlərimin yaşı, ağlar ey Vətən,

Daşqın çaylar kimi çağlar, ey Vətən!

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın