00:00 17 Sentyabr 2019 72
Ana səhifə Xəbərlər

70 yaşlı şəhərin ilk kitab yarmarkası - SUMQAYITDAN REPORTAJ

Sumqayıtın 70 illik yubileyi ilə bağlı şəhərdə 1-ci kitab yarmarkası keçirilib.

APA TV-nin məlumatına görə, yarmarkada 80-ə yaxın yazar kitablarını təqdim edib. Yarmarkaya kitab evləri və nəşriyyatlar da qatılıb. Sumqayıtlı yazıçı və şairlər təbirin önəmindən danışıb:

“Əsas məqsəd texnologiyanın həyatımıza daxil olduğu, gənclərimizin kitabdan uzaqlaşdığı bir dövrdə onlara kitabı yenidən sevdirməkdir”.

“Çox gözəl təşəbbüsdür. Həm kitabımızın satışı, həm də kitabın təbliği ilə məşğuluq. O gün olsun, belə tədbirlər çox olsun. İldə bir dəfə yox, bir neçə dəfə. Və Sumqayıtımızda kitab mağazalarının sayı artsın”.

“Xoş olan odur ki, gənc şairlərin, yazıçıların çoxluğunu görürük. Bu da daha irəliyə, daha uzun məsafəyə hesablanmış addımdır. Belə tədbirlər yeni bir ənənənin, bazarın yaranmasına səbəb olacaq”.

“Ümumiyyətlə, bu tip sərgilərdə oxucularla yazarlar, şairlər arasında bağ, xüsusi körpü yaranır, qarşılıqlı hörmət olur. Və çox istərdim ki, bu tip sərgilərin, yarmarkaların sayı çox olsun”.

Bəs oxucular, şəhər sakinləri nə düşünür? Onlar belə yarmarkaların təşkilindən məmnundurmu?

“İndiki zamanda mütaliə lazımdır, vacibdir. Bu yarmarkanın yaxşı nəticəsi olacaq”.

“Bu kimi tədbirlər sakinlərin maariflənməsinə, kitab oxumasına təbliğatı artırır. Ona görə də, birmənalı olaraq alqışlanmalıdır”.

Kitab yarmarkası konsert proqramı ilə yekunlaşıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın