05:20 21 İyul 2018 828
Ana səhifə Xəbərlər

685 balla kifayətlənməyib 700 bal topladı - REPORTAJ

Ali məktəblərə I qrup üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Goranboy rayon sakinidir. O, rayonun Səfikürd kənd tam orta məktəbinin məzunu Kənan Məmmədlidir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, ailənin ikinci övladı olan Kənan may ayında keçirilən birinci imtahanda 685 bal toplasa da, iyulda 700 bal toplamağı qarşısına məqsəd qoyur. Və məqsədinə də çatır.

Kənan deyir ki, qəbul imtahanında maksimum nəticə göstərmək üçün qarşıya məqsəd qoymaq lazımdır: "Hər nəyəsə nail olmaq üçün əvvəlcədən çalışmaq lazımdır. Son iki ildə nəyəsə nail olmağı gözləmək olmaz. Çünki onda çox çətin olur. Yaxşı olardı ki, 5-ci sinifdən əsaslı şəkildə öyrənək. Mən də aşağı siniflərdən yaxşı oxumağa çalışmışam. Son illərdə qrupumu seçmişdim və qrupumda olan fənlərə daha diqqətlə yanaşırdım. Bu yol çətin oldu, çox çalışmalı oldum. Hətta son iki ildə digər məşğuliyyətlərdən uzaq idim. Təbii ki, istirahətə də vaxt ayırmaq lazımdır. Ən çox vaxtı isə dərsə ayırmaq lazımdır".

Kənanın valideynləri övladlarının yüksək nəticə göstərəcəyinə əvvəlcədən əmin olublar. O, sınaq imtahanlarının birində 700 bal toplayıb. Anası Mahirə Rüstəmova ona əvvəlcə 4-cü ixtisas qrupunu seçməyi məsləhət görsə də, Kənan 1-ci qrupda yüksək nəticə əldə edəcəyini bildirib: "Biz gözləyirdik Kənandan bu nəticəni. Kənan öz üzərində çox çalışırdı, özünə qarşı çox tələbkar idi. Kənana nəyəsə qadağa qoymaq, onu nədənsə çəkindirmək lazım deyildi. Mən ona heç vaxt deməmişəm ki, dərs oxu. Biz də əlimizdən gələn qədər dəstək olmuşuq bu nəticəni verməsi üçün".

Kənanın uğuruna təkcə yaxınları deyil, bütün rayon sakinləri də sevinir. Səfikürd kənd orta məktəbinin müəllimləri üçün isə bu nəticə lap bayrama çevrilib. Pedaqoji kollektiv bu gün Məmmədlilər ailəsinə gələrək onları təbrik edib.

Kənd orta məktəbinin bu il olan 50 məzunundan 25 nəfəri ali məktəbə sənəd verib. Direktor Elnur Qasımov deyir ki, onlardan 5 nəfəri 500-700 bal arası, Kənan isə 700 bal toplayıb: "Kənan həqiqətən də məktəbimizin nümunəvi şagirdlərindən biri olub. O, öz üzərində çalışmağı sevən bir şagird olub. Kənan bu gün bizi sevincə qərq elədi. Kənd orta məktəbində yüksək bir nailiyyətdir".

Sinif rəhbəri Tamaşa Ələskərova da ilk gündən Kənana inandığını vurğulayıb: "Mən ilk dəfədən Kənanda riyazi qabiliyyəti hiss eləmişəm. Onun həm də gözəl məntiqi var. Mən deyərdim ki, məktəbin müəllimlərindən də güclü savadı var. Kənanla fəxr edirəm. Ondan bu nəticəni gözləyirdim. Mən həmişə Kənanın savadına qibtə eləmişəm. 6-cı sinifdə liseyə qəbul oldu, amma orda oxumadı. Dedi mən öz kəndimizdə oxuyacam".

Qəbul imtahanında 700 bal toplayan Kənan Məmmədli təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətindədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın