15:21 11 İyul 2020 1005
Ana səhifə Xəbərlər

37 yaşlı qaçqın işdən niyə çıxarılıb? – RƏSMİ AÇIQLAMA

Ədalət Həsənovun 37 yaşı var. Ailəlidir, 2 uşaq atasıdır. Ermənistanın Əzizbəyov rayonunun Köçbək kəndində qeydiyyatda olsa da, hazırda Ağdamda məcburi köçkünlər üçün inşa olunmuş Dördyol-1 qəsəbəsində yaşayır.

4 nəfərlik ailəsini dolandıra bilmədiyi üçün may ayında Ağdam rayon Məşğulluq Mərkəzinə müraciət edib və işlə təmin olunub. Lakin sevinci və əməkhaqqı almağı cəmi iki ay davam edib: “İki aydan sonra məni işdən çıxardılar. Dedilər, karantin qurtardı deyə, iş bağlandı. Dedim karantin qurtardı, yaşıllaşdırma idarəsindəki iş də qurtardı? Mənim də ayrı gəlirim yoxdur. Bircə məcburi köçkünlərə verilən aylıq müavinəti alıram 3 nəfərə”.

Məsələyə münasibət bildirən Ağdam rayon Məşğulluq Mərkəzindən isə bildirilib ki, Ədalət Həsənovun işlə təminatı elə 2 ay müddətinə nəzərdə tutulubmuş. Yəni Ədalət Həsənov pandemiya dövründə ölkə başçısının tapşırığı ilə yaradılan “DOST” iş layihəsində çalışıb: “Ədalət Həsənov Dördyol-1 qəsəbəsində yaşayır. Bizdə işaxtaran kimi qeydiyyatdadır. Pandemiya vaxtı 190 manatı ala bilməyən şəxsdir. Həmin vaxt ölkə başçısının tapşırığı ilə 241 vətəndaşımızdan biri kimi iki aylıq ictimai işə cəlb etmişdik. O da iki ay tamam olan kimi “DOST” iş layihəsi mərkəzi tərəfindən dayandırılıb”.

Mərkəzin Aktiv Tədbirlər sektorunun müdiri Möhübbət Xəlilov əlavə edib ki, Ədalət Həsənov 3 gün əvvəl işsiz kimi qeydiyyata düşüb. Hazırda onun məskunlaşdığı qəsəbədə boş iş yeri yoxdur. Ətraf ərazilərdə və ya elə məskunlaşdığı qəsəbədə boş iş yeri olarsa, Ədalət Həsənov işlə təmin olunacaq.

Habil Aslanoğlu

Arzu Quliyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın