11:20 27 Fevral 2020 8987
Ana səhifə Xəbərlər

366-cı alayın mayoru: “Bakıdan, Moskvadan zəng edib məni söyürlər” - MÜSAHİBƏ

Vladimir Alekseyeviç Ponomaryov... Bu ad yəqin ki, APA TV-nin sadə tamaşaçılarına heç nə deməyəcək. Hətta Rusiyanın Tomsk Politexnik Universitetinin Yurqa Texnoloji İnstitutunda humanitar təhsil və xarici dillər kafedrasının dosenti olması da. Elə isə gəlin onun rəsmi avtobioqrafiyası ilə tanış olaq.

Vladimir Alekseyeviç Ponomaryov 13 iyun 1959-cu ildə Qazaxıstanın Semipalatinsk şəhərində anadan olub. 1980-ci ildə Novosibirsk Ali Ümumqoşun Hərbi-Siyasi Məktəbini bitirib. 1980-86-cı illərdə Əfqanıstanda, 1988-1992-ci illərdə Dağlıq Qarabağda Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun, 2-ci motoatıcı diviziyasının 366-cı polkunda xidmət keçib. 2000-ci ildə Kemerovo Dövlət Universitetinin tarix fakültəsini, 2009-cu ildə Moskva İdarəetmə və Hüquq İnstitutunu bitirib. Maraq dairəsinə daxil olan sahələr terrorçuluğun fəlsəfəsi və problemləri, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və Dağlıq Qarabağdakı etnosiyasi münaqişənin həlli prosesidir. 30 yanvar 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Tədqiqatlar İnstitutunda “1988-1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin dinamikası” mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Əvvəlcə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunda, daha sonra isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda təcrübə keçib. Ermənistan Milli Arxivinin direktorunun hərb tarixi üzrə müşaviri, “Dağlıq Qarabağ Respublikasının fəxri vətəndaşı”, “Artsax Yazıçılar İttifaqı”nın üzvüdür. Ehtiyatda olan polkovnik-leytenantdır.

Yaşadığı ünvan: Kemerovo vilayətinin Yurqa şəhəri, Kirov küçəsi ev 35, mənzil 2.

Elektron poçt ünvanları:[email protected]

[email protected]

Mobil: +7923-616-57-13


Yəqin diqqətinizi cəlb etdi – polkovnik-leytenant Ponomaryovun tərcümeyi-halından Ermənistan və Dağlıq Qarabağ ifadələri qırmızı xətlə keçir. Amma təkcə tərcümeyi-halından deyil, həm də həyatından. Amma qırmızı xətlə deyil, qara ləkə kimi. Çünki Vladimir Alekseyeviç Ponomaryov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımının törədilməsində Xankəndidə yerləşən 366-cı motoatıcı alayın mayoru kimi şəxsən iştirak edib və bu, istintaqla sübut olunub. Hərçənd özü bunu təkzib edir: “1992-ci ilin 25 fevral gecəsi mən Xocalıda deyildim. Həmin gün Tiflisdə olmuşam. Niyə getdiyimi isə xatırlamıram”.

Maraqlıdır ki, həmin gün Tiflisdə olan Ponomaryov 366-cı alayın Xocalı soyqırımında iştirak etmədiyinə əmindir: “Siz nə məni, nə də 366-cı alayı Xocalı hadisəsi ilə bağlı ittiham edə bilməzsizniz. Sizin bununla bağlı əlinizdə heç bir faktınız yoxdur. Mən bunu anlaya bilmirəm. Siz əlinizdə fakt olmadan məni ittiham edə bilməzsiniz. Bir insanı ittiham etməmişdən əvvəl sizin hüquqi sənədləriniz olmalıdır. Siz axı bunu yaxşı bilirsiniz. Bu sualın cavabını sizə Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllimov verə bilər”.

“Niyə məhz Ayaz Mütəllibov? Axı o, həmin faciədən altı gün sonra istefa verdi” replikamıza keçmiş sovet zabitinin cavabı anlaşılmaz oldu: “Əlbəttə, istefa verməli idi. Çünki vətəndaşını müdafiə edə bilməmək böyük biabırçılıqdır. Mən bir daha təkrar edirəm, mən 366-cı alayda Xocalı faciəsi gecəsi olmamışam. Bunu inkar edirəm. Bizə Moskvadan heç kim elə bir əmr verməmişdi. Bu ağlasığmazdır. Sovet ordusu əliyalın vətəndaşı qətlə yetirə bilməzdi. Bu cinayətdir. Mən düşüncələrimə belə sığışdıra bilmirəm bu fikirləri. Mənə bir dənə sənəd göstərin ya əmrin imzalanması, ya da başqa bir məsələ ilə bağlı”.

- Biz sizin Moskvadan əmr aldığınızı iddia etmədik. Amma ermənilərdən alınan rüşvət müqabilində 366-cı alayın rəhbərliyinin Xocalının işğalında iştirak etdiyi cinayət işinin materiallarında əksini tapıb.

- Sualım sizədir. Sizin əlinizdə sözügedən pulla bağlı hər hansı bir sənəd varmı? Və yaxud da şahidiniz varmı? Günahsız insanları sənədsiz necə ittiham edə bilərsiniz? İllərdir 366-cı alayın adı hallanır, nəyə əsasən?

Vladimir Ponomaryov İnterpol tərəfindən axtarışda olmasından da xəbərsiz olduğunu deyir. Amma bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etməyi də düşünmür: “Bilirəm ki, indi dediklərimi internetdə dərc edəcəksiniz. Ona görə də deyirəm ki, mənim heç bir günahım yoxdur. İndiyədək heç bir yerdə ifadə verməyə də dəvət olunmamışam. Bu üzdən də maraqlanmıram. Əgər günahım yoxdursa, mən özümü niyə müdafiə edim? Kim mənə xəbərdarlıq edib ki? Mən hüquqşünas kimi yanaşıram bu məsələyə. Bu biabırçılıqdır. Niyə mənim adım, ümumiyyətlə, bu siyahıda olmalıdır?”

Tez-tez hüquqşünas olmasını gözə soxmağa çalışan Ponomaryovdan rəsmi avtobioqrafiyasında qondarma “DQR”-in fəxri vətəndaşı və “Artsax Yazıçılar İttifaqı”nın üzvü olması ilə bağlı məsələyə də aydınlıq gətirməsini istədik. Çünki vətəndaşı olduğu Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarla birgə rəsmən tanıyır: “Mən Artsaxın təbiəti haqqında bir neçə yazı yazmışam. Ədəbiyyatları ilə yaxından tanışam. Əvvəl axı belə söhbət yox idi kim müsəlmandır, kim xristian. Ona görə də onlar məni belə qiymətləndiriblər. Mən ona görə “Artsax” deyirəm ki, artıq dilim öyrəşib. Mən indi çox yaxşı başa düşürəm ki, Rusiya ATƏT-in Minsk qrupunda Amerika və Fransa ilə birlikdə təmsil olunur”.

Və sonda... 366-cı alayın zabiti Vladimir Ponomaryovla 26 fevral axşamı – Xocalı faciəsinin 28-ci ildönümü başa çatan saatlarda danışdıq. Son sözləri isə bu oldu: “Bu gün Bakıdan, Moskvadan, Rusiyanın digər şəhərlərindən – hər yerdən məni zəng edib söyürdülər, təhdid edirdilər. Çünki bilirəm ki, Azərbaycan mətbuatı telefon nömrəmi internetdə dərc edib”.

Sevinc Vaqifqızı,

Cavid İsmayıl,

İslam Qədirli,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın