22:00 18 May 2020 212
Ana səhifə Xəbərlər

28 ildir Laçın həsrəti ilə yaşayanlar - REPORTAJ

Bu gün Laçın rayonunun işğalından 28 il ötür.

APA TV-nin yerli bürosunun məlumatına görə, bir zamanlar dəniz səviyyəsindən 3594 metr hündürlükdə, yaşıl dağlarda yaşayıb, saf bulaq suyundan içən laçınlılar 28 ildir aranda, şoran torpaqlarda, torpaq daxmalarda yaşayır.

İşğaldan sonra Laçın sakinlərinin bir qismi Ağcabədi rayonunun Taxta körpü adlanan ərazisində, Laçın obalarında məskunlaşıb. Tarixən yolu, suyu, elektrik və rabitə xətləri olmayan obalarda dövlət tərəfindən bütün lazımi şərait yaradılıb.

Belə ailələrdən biri də Laçının Qarakeçdi kəndindən məcburi köçkün düşən Qocayevlər ailəsidir. Ermənilər bu ailənin bütün var-dövlətini talan, yurd yerlərini viran edib. Min bir çətinliklə köçkün həyatı yaşayan 9 nəfərlik ailənin bütün zəhmətini Xüblar Qocayeva çəkib: “Çətin idi, 9 baş külfət, qoca qaynana, qoca qayınata, balaca uşaqlar - çox çətinliklə yaşadıq. Amma şükür Allaha, 1-2 il çətinliyimiz oldu. Ondan sonra yaxşı oldu. Heyvan saxladıq, yoldaşım müəllim işləyirdi, uşaqlar böyüdülər. Oxuyan oxudu, oxumayan oxumadı. Yaxşılıq oldu, dövlət də kömək elədi. Yardım verirdi, dolanırdıq”.

Bu gün 65 yaşı olan Qoca müəllim bütün laçınlıların ötən 28 ilin hər gününü öz el-obalarının həsrəti ilə yaşadıqlarını deyir. Ermənilərə lənət oxuyan Qoca müəllim dünyanın cənnəti hesab etdiyi Laçını övladlarına, nəvələrinə göstərəcəyi günü səbirsizliklə gözləyir: “Başın ağarmağı qocalıq deyil. Ürək qocalır, o da görükmür. Bizim məmləkət, Laçın elə bir yer idi ki, indi baxırsan televizorda, uşaqlar baxır İsveçrəni göstərir, Alyaskanı göstərir, Çexoslovakiyanın müəyyən gözəl yerlərini göstərir və yaxud adaları göstərir, Sakit okeandakı adaları göstərir, uşaqlar baxır. Laçını görməyən uşaqlar həvəslə baxır. Deyirəm, and olsun Allaha, uşaqlar, bir qarış torpağına dəyməz, bir udqun havasına dəyməz”.

Qoca müəllim Laçın azad olunduqdan sonra laçınlı ailələrin çətinlik çəkmədən, qısa müddətdə öz yaşayışlarını rahatlıqla qura və yenidən normal həyata dönə biləcəklərini düşünür. Buna səbəb isə Laçının yeraltı və yerüstü sərvətləridir: “Bizim kəndin sərvətini deyim nə qədər evlər tikilmişdi. Bir dəmir və sementdən başqa, heç bir inşaat materialı kənardan gəlmirdi. Meşənin qırmızı palıdı, daş orada... Bir daş növü var idi, kubikin yerinə usta yonurdu, künclərə qoyurdu. Əhəngi özümüz yandırırdıq, meşədən odunu gətir, əhəng quyusunu gətir. Əhəng daşı var indi? Daşkəsəndən gətirib yandırırlar, burda alırıq bazardan. Quyunu hörürdük, altını kalsium karbonat əhəngə çevrilir. İndi deyirlər getsək, necə olacaq? Hər şey orda var, hər şey yerində idi. Təki gedək”.

Qocayevlər ailəsi dövlətimizin gücü və ordumuzun qüdrəti sayəsində ən qısa zamanda o torpaqların azad olunacağına və üçrəngli bayrağımızın Laçın dağlarına sancılacağına inanır: “Tam əminəm ki, Allah qoysa, bu yaxınlarda torpaq məsələsi siyasət yolu ilə həll olacaq. Həm qloballaşmış siyasət gedir dünyada, həm Prezidentimizin apardığı çox önəmli siyasət. Bütün ölkələr Azərbaycanla barışır artıq müəyyən şeylərdə, təcrübəsindən istifadə edir”.

Qeyd edək ki, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24 374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Habil Aslanoğlu

Arzu Quliyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın