16:00 18 Oktyabr 2019 74
Ana səhifə Xəbərlər

25 ilin müəllimi ADMİU-dan niyə uzaqlaşdırılıb?

Bədii qiraət ustası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Alıoğlu ömrünün 30 ilini bağladığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən iki ildir uzaqlaşdırılıb. Sənətçi iddia edir ki, haqqı, əməyi heç bir məsuliyyət yükü daşınmadan asanlıqla tapdalanıb.

25 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan Məleykə xanım uzun illər fasiləsiz olaraq fəaliyyət göstərdiyinə diqqət çəkib: “Təbii ki, bəlli bir zamandan sonra ciddi yorğunluq hiss etdim və günlərin bir günü ağır xəstələndim. İki həftə bülletendə oldum. Sonra hiss etdim ki, bu ağırlıqla tezliklə auditoriya qarşısına çıxa bilmərəm. Bunun üçün yazılı şəkildə bir ay müddətinə ödənişsiz məzuniyyətə çıxmaq istədim. Universitetin kadrlar şöbəsinə müraciət etdim və təxminən 10 dəqiqə keçməmiş rektor məni qəbula çağırdı”.

Beləliklə, Məleykə Alıoğlu Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru Fərəh Əliyevanın qəbulunda olur: “Rektor böyük səmimiyyətlə ərizəmi geri qaytardı. Dedi ki, “sən bizim sevimli müəllimsən”. Mən səhhətimlə bağlı baş verənləri dəqiqliklə anlatdım, əlavə etdim ki, doktorluq mövzumu da səhhətimə görə 10 ildir müdafiə edib bitirməmişəm. Müalicə ala-ala həm də bu işimi tamamlamaq istədiyimi Fərəh xanımın diqqətinə çatdırdım”.

Rektorluq müəlliməyə həmin ilin dekabr ayında keçiriləcək universitetdaxili seçki prosesinə qatılmağı məsləhət görüb: “Seçkidən 2-3 ay sonra yalnız mənə icazə verə biləcəyini söylədi. Mənsə cavabında bildirdim ki, bu halda auditoriya qarşısına çıxa bilmərəm. Fərəh xanım son olaraq bu halda mənə ərizə yazıb işdən getməyimi tövsiyə etdi. Daha sonra səhhətimin düzələcəyi təqdirdə, sentyabr ayında məni işlə yenidən təmin edəcəyinə söz verdi”.

Məleykə xanım deyir ki, rektorun yanından çıxandan üç gün sonra qəzetə beş illik müqavilənin tamam olması və seçki ilə bağlı elan verilib. Qəzetə verilən elanın müddəti bir aylıq olduğundan, şəxs o müddətdə öz yerinə təsdiqlənmək üçün ərizə verməliydi. Amma elandan bir həftə keçməmiş Məleykə xanıma müqavilə müddətinin bitməsi əmrini veriblər. Bu barədə ona heç bir xəbərdarlıq verilmədiyini deyən Məleykə xanım bunun universitetdaxili prosedurlara da zidd olduğunu bildirir. Yaranmış problemlə bağlı o, rektor və prorektorun qəbulunda olub. Keçmiş rektor bu işlə məşğul olub, yaranmış boşluğu aradan qaldıracağını deyib. Universitetin yeni rektoru Ceyran Mahmudova ilə görüş də problemi həll etməyib.

Beləcə, 2017-ci ildən bu yana universitet rəhbərliyinin cavabını gözləyən Məleykə xanım əlini hər yerdən üzüb. İl yarımdır get-gələ salınan və işə bərpası ilə bağlı vədlər verilən Məleykə xanım deyir ki, boş qalan ştata işçi götürməyiblər.

Bundan sonra üzləşdiyi problemlə ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Təhsil naziri Ceyhun Bayramova müraciət edərək, onlardan dəstək istəməyə qərar verib.

Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova ilə görüşmək cəhdimiz baş tutmadı. Xanım rektor Məleykə Alıoğlunun işdən çıxarılması ilə bağlı mətbuata hesabat verməyəcəyini bəyan etdi.

Təhsil naziri Ceyhun Bayramovun məsələyə münasibəti isə belə oldu: “Biz bu məsələyə bir də baxa bilərik. Ali təhsil müəssisələri öz tələbə sayı və dərs yükünə uyğun olaraq öz ehtiyaclarını müəyyən edir. Müstəqil şəkildə mütəxəssisləri işə cəlb edir. Eyniliklə kimsə əmək funksiyalarını yerinə yetirdikdə, hansısa bir qanun pozuntusuna yol veribsə, ali təhsil müəssisəsi də qanunvericiliyə uyğun olaraq həmin adamla müqaviləsinə xitam vermək hüququna malikdir. Ali təhsil müəssisəsi ilə işçi arasındakı münasibət Əmək Məcəlləsi ilə tənzimlənir. Təhsil Nazirliyi olaraq biz bu məsələyə baxıb, təhsil qanunvericiliyi prizmasından hər hansı pozuntu olubsa, onlara müdaxilə edə bilərik. Əmək qanunvericiliyindən irəli gələn məsələdirsə və burada iddia olunan məsələdirsə, bununla bağlı qərarı düşünürəm ki, yalnız məhkəmə orqanları verə bilər”.

Biz tərəfləri dinləyib olduğu kimi təqdim etdik. İnanırıq ki, məsələ qanunvericilik çərçivəsində öz ədalətli həllini tapacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın